06.10.2026 - 16:55
İsrail Qəzzadakı gərginliyə görə hazırlıqlarını artırır
Dünya 4 baxış

İsrail Qəzzadakı gərginliyə görə hazırlıqlarını artırır

İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında yerləşən ordu bölmələrinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı göstəriş verib. Bu qərar, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi hücumun ildönümü ərəfəsində qəbul edilib.

Minval.info xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, Katz İsrail qüvvələrinə qarşı hər hansı təxribat baş verərsə, buna sərt cavab veriləcəyini bildirib. O, İsrailin kəşfiyyat məlumatlarının HƏMAS-ın oktyabrın 7-də İsrail hərbçilərinə hücum etməyə cəhd göstərə biləcəyinə dair işarələr verdiyini söyləyib.

Nazir, orduya bütün mümkün ssenariləri nəzərə alaraq hazırlıq səviyyəsini yüksəltmək tapşırığı verib. O, İsrail hərbçilərinin zərər görəcəyi halda bunun məsuliyyətinin HƏMAS-ın və Qəzza sakinlərinin üzərinə düşəcəyini və ağır bədəl ödəyəcəklərini qeyd edib.

Bununla yanaşı, İsrail Qəzza zolağı ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb. İordan çayının qərb sahilində də oktyabrın 5-dən 7-dək tam məhdudiyyət rejimi tətbiq edilib. İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsi (COGAT) bu barədə məlumat yayıb.

Xatırladaq ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib və nəticədə təxminən 1200 nəfər ölüb, 251 nəfər girov götürülüb. İsrail isə buna cavab olaraq Qəzzada hərbi əməliyyatlara başlayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: