31.07.2026 - 17:33
Gündəm 11 baxış

VACİBFaciəvi qəzada ölən gəncin anası müraciət yaydı: “Təqsirkar layiqli cəzasını almalıdır!”

Ötən il Mərdəkan qəsəbəsində baş verən və 29 yaşlı Amal Məlikovun həyatına son qoyan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı mərhumun anası İnqayam Məlikova videomüraciət yayıb.

Minval.info bildirir ki, o, müraciətində oğlunun ölümünə səbəb olan qəzada təqsirləndirilən şəxsi, bloger Arzum Hacıyevanın layiqli cəza almasını tələb edib.

İnqayam Məlikova bildirib ki, hadisədən sonra təqsirləndirilən şəxs yaralıları hadisə yerində qoyaraq ərazini tərk edib: “Sizə qəlbimdəki ağrı və kömək fəryadı ilə müraciət edirəm. Mən tək oğlu Amal Məlikovu itirmiş ana İnqayam Məlikovayam. Təqsirkar şəxs – bloger Arzum xəsarət almış oğlum Amal Məlikovu və gəlinim Sənubəri qoyaraq təcili yardım və polisi gözləmədən hadisə yerindən qaçıb, daha sonra isə ölkəni tərk edib. Gəlinim bu gün gənc ikən dul qalıb və əlildir.

Hakimlər bloger Arzumu məhkəmədən cəmi 20 gün sonra ev dustaqlığına buraxdılar. Biz apelyasiya məhkəməsində iştirak edə bilmədik. Səhhətim buna imkan vermədi. Mən bu işin ciddi nəzarətə götürülməsini və ədalətin bərpa olunmasını tələb edirəm”.

Xatırladaq ki, faciə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Gecə saatlarında “Changan” markalı avtomobili idarə edən Arzum Hacıyeva sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində həyatını itirib. Onun həyat yoldaşı Sənubər Muradova isə ağır bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə Arzum Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Lakin bu il iyulun 22-də keçirilən apelyasiya baxışı zamanı məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılması barədə qərar qəbul edib. Bu qərar isə mərhumun ailəsinin ciddi narazılığına səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: