31.08.2026 - 13:58
Ölkə 33 baxış

Əmlak amnistiyası: Sənədsiz evlərə çıxış yolu?

Azərbaycanda son dövrlərdə sənədsiz yaşayış evləri məsələsi yenidən diqqət mərkəzinə çıxıb. Yüzminlərlə fərdi yaşayış evinin sənədləşdirilməməsi əhali üçün ciddi problemlər yaradır. Müvafiq dövlət qurumları isə bu problemi həll etməkdə ləng davranır.

Minval.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzu ilə bağlı açıqlamasında dövlət qurumlarının məsuliyyətinə diqqət çəkib. O, bildirib ki, Azərbaycanda sənədsiz fərdi yaşayış evləri iki əsas kateqoriyaya bölünür. Birinci qrupa müəyyən sənədləri olan, lakin hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir. İkinci qrupa isə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir.

İqtisadçı vurğulayıb ki, bu tikililərin özbaşına hesab olunması üçün üç əsas meyar mövcuddur: tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi, qanunvericiliklə tələb olunan icazələrin alınmaması və tikinti norma və qaydalarının pozulması. Bu meyarlardan hər hansı biri mövcud olduğu halda tikili özbaşına tikinti hesab olunur və Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, belə tikintilərə mülkiyyət hüququ yaranmır.

Natiq Cəfərli qeyd edib ki, vətəndaşların məsuliyyətini sadalamaqla yanaşı, dövlət qurumlarının da məsuliyyətini nəzərə almaq vacibdir. Əgər sənədsiz evlərə dövlət şirkətləri tərəfindən sayğac qoyulub və illərdir işıq, qaz, su kimi xidmətlər göstərilibsə, bu zaman vətəndaşın mülkiyyət hüququnun yaranması məsələsi də müzakirə edilməlidir. O, problemin həlli üçün “əmlak amnistiyası”nın vacibliyini vurğulayıb və bu amnistiyanın səlahiyyətli qurumların məsuliyyətini də əhatə etməli olduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: