Dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun narkotik maddə satışı və qanunsuz silah saxlamaqda da təqsirləndirildiyi məlum olub.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirqasım Sadıqovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Mirqasım Sadıqov zərərçəkmişlər Lalə Mehdizadə, Rüfət Əliyev, Əlyar Əbilov, Uğur Abbaszadə, Məmmədhüseyn Atakişiyev, Həmidə Məmmədova və digərlərinə qarşı dələduzluq edib. Onlara ucuz mənzil satmaq, işə düzəltmək adı ilə külli miqdarda pul alaraq dələduzluq edib.

Mirqasım Sadıqov şikayətlər əsasında saxlanılarkən onun maşınına baxış keçirilib. Bu zaman polis əməkdaşları maşından odlu silah aşkar edib.

Daha sonra isə Sadıqovun mənzilinə baxış keçirilib. Bu zaman isə külli miqdarda narkotik vasitə sayılan marixuana aşkarlanıb.

Elan olunmuş ittihamla Sadıqov özünü qismən təqsirli bilib. O deyib ki, silah özünündür. Zərərçəkənlərin pulunu aldığını deyən Sadıqov yalnız narkotik ittihamını qəbul etməyib.

“Marixuanadan başqa hamısı mənlikdir. Narkotik ittihamı əsassızdır. Mən nə çəkən olmuşam, nə də satan”- deyə Sadıqov bildirib.

Hakim elan edib ki, zərərçəkmişlərin bir çoxu məhkəməyə mülki iddia təqdim edib. Hakim məhkəmə istintaqının növbəti prosesdə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, 15 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən M.Sadıqov Sabunçu Rayon Polis İdarəsi tərəfindən axtarışda olub.

O, ötən ilin sentyabr ayında Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Mirqasım Sadıqov ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Minval.İnfo