“Mayın 8-də yaşadığım mənzilə Nərimanov rayon İcra Şöbəsindən məktub gəlib. İcraçılar yazırlar ki, mayın 13-nə qədər ailəm, nəvələrimlə birgə yaşadığım mənzili “Unibank”a təhvil verməliyəm. Verməsəm, bizi zorla çıxaracaqlar. Mənim başqa mənzilim yoxdur, yaşadığım mənzildən çıxarasalar, ailəmlə, nəvələrimlə küçədə qalmalı olacağıq”. Bu sözləri Bakı Hərbi Məhkəməsinin önündə “Yeni Müsavat” əməkdaşına Əfsəl Həsənəliyev deyib.

O, 7 aya yaxındır ki, keçmiş Milli Təhlükəsizliyi Nazirliyinin (2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə prosesində araşdırılan cinayət işi üzrə 36 zərərçəkmiş şəxsdən biridir.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər – Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun barəsində ibtidai istintaq, sonradan isə məhkəmə dövründə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.

 

photo_2022-05-10_12-48-34 (2).jpg (36 KB)

34 il Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə çalışmış, təqaüdə çıxandan sonra Gürcüstandan İrana müxtəlif istehlak malları daşıyan şəxslərlə işbirliyi qurmuş Əfsəl Həsənəliyev MTN-də başına gətirilən müsibətləri qorxulu yuxu kimi xatırlayır. Rusiyada hüquq təhsili almış, Azərbaycanda xüsusi əməliyyatlar həyata keçirdiyinə görə mükafatlandırılmış Əfsəl Həsənəliyev təqsirləndirilən şəxslərdən Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ondan və birgə həbs olunan şəxslərdən külli miqdarda rüşvət aldıqlarını deyir: “Məni faktiki olaraq girov götürmüşdülər. Yasin Məmmədov deyirdi ki, səndən tələb etdiyimiz pulu verməsən, həbsdə çürüyəcəksən. Bu həmin Yasin Məmmədovdur ki, bu gün məhkəməyə arxa qapıdan gəlib-gedir. Şəxsən mənə qarşı cinayətin birbaşa icraçısı odur. Mövlam Şıxəliyevlə əlbir olub məni qanunsuz olaraq həbs etdilər. 4 ay 29 gün həbsdə saxladılar. Məndən azad edilməyim üçün 100 min manat istədilər. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi “Unibank”a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. Belə də oldu. Yasin Məmmədov pulu alandan sonra iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. İndi o pulu da qaytara bilmirəm. Çox ağır vəziyyətindəyəm”.

Zərərçəkmiş ölkə rəhbərliyinə müraciət edərək ona qarşı cinayətin tez bir zamanda araşdırılmasını, ailəsindən girovluqdan azad edilməsi üçün alınan pulun qaytarılmasını xahiş edib: “Mövlam Şıxəliyevlə Yasin Məmmədov vəzifəli şəxs olaraq mənə qarşı quldurluq ediblər. Dövlət mənə vurulan ziyanı onlardan alıb mənə qaytarsın, mən də Bankın borcunu qaytarım”.