29.08.2026 - 21:15
Ölkə 25 baxış

Bakı və Abşeronda həyət evləri ucuzlaşır

Bakı və Abşeron yarımadasında yerləşən bəzi qəsəbələrdə həyət evlərinin qiymətində ciddi ucuzlaşma müşahidə olunur. Ötən yaz aylarında baş verən şiddətli yağışlar nəticəsində infrastruktur çatışmazlığı olan ərazilərdə fərdi yaşayış mənzillərinin zəif tərəfləri üzə çıxdı. Payız mövsümünün gəlişi ilə bu ərazilərdə daşınmaz əmlak bazarında subasma riski yüksək olan qəsəbələrdə qiymətlərin enməsi proqnozlaşdırılır.

Minval.info xəbər verir ki, ekspertlərin təhlillərinə əsasən, Sabunçu rayonunun Zabrat, Maştağa, Savalan yaşayış massivi və Ramana qəsəbələrində yerləşən evlərin qiymətində 12-15% civarında düşmə gözlənilir. Əvvəllər 50.000–60.000 manat aralığında təklif olunan 3 otaqlı təmirsiz və ya zəif təmirli fərdi evlərin qiymətinin 42.000–50.000 manat diapazonuna qədər geriləyəcəyi proqnozlaşdırılır.

Abşeron rayonunun Xırdalan şəhərinin aşağı hissələrində, Masazır qəsəbəsinin duz gölü ətrafındakı ərazilərdə, həmçinin Mehdiabad və Saray qəsəbələrində də oxşar mənzərə müşahidə edilir. Bu ərazilərdə subasma fəsadları tam aradan qaldırılmayan mülklər üçün alıcıların tələb etdiyi endirim faizi 10-18% təşkil edir. Məsələn, Masazırın aşağı massivlərində 70.000 manatlıq həyət evlərinin real satış qiymətinin 58.000–62.000 manat səviyyəsinə düşəcəyi ehtimal olunur.

Subasma riski olan qəsəbələrdə evlərin likvidliyi 25-30% azalacaq və bu evlər bazarda daha uzun müddət alıcısız qalacaq. Əksinə, Mərdəkan, Şüvəlan, Bilgəh kimi təhlükəsiz zonalarda həyət evlərinin qiymətləri sabit qalacaq, hətta tələbatın ora yönəlməsi hesabına 3-5% qiymət artımı müşahidə ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: