Bakıda qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə məlum olub ki, qətlə yetirilən şəxs həm də narkotik satıcısı imiş. Onu işgəncə ilə qətlə yetiriblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun cinayət işi üzrə məhkəmə iclası keçirib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qətlin bir çox təfərrüatları üzə çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxslər arasında özünü təqsirli bilməyənlər var. Həmçinin onlar bir-birlərini də ittiham edirlər.

Hakim Samir Əliyev ile ilgili görsel sonucu

Hakim Samir Əliyev

Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb.

İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb.

İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.

Daha sonra dəstənin digər üzvləri – Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər qətlə yetirilən Ədalət Əliyevin narkotik satdığını biliblər. Onlar Ədaləti kafelərdən birinə görüşə çağırıblar. Ədalət onlara narkotik satmadığı üçün aralarında mübahisə yaranıb.

Daha sonra Ədaləti öz avtomobili ilə Qaraçuxur qəsəbəsindəki evə aparıblar. Orada Ədaləti stula bağlayaraq döyüblər. Onun dabanlarını və ayağına qızdırılmış dəmirlə yandırıblar. Ondan narkotik vasitənin yerini soruşublar. İstədikləri cavabı almadıqları üçün Ədalətə işgəncə verməyə davam ediblər. Onlar Ədalətin bədəninə elektrik cərəyanı da veriblər. Ədalət işgəncələrdən sonra ölüb. Ekspertiza zamanı məlum olub ki, Ədalət baş nahiyyəsinə də ağır zərbələr alıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Əyyub Cabbarov ifadə verib. Deyib ki, Eminlə eyni məhəllədə yaşayırlar.

O bildirib ki, bir müddətdir narkotik vasitə istifadəçisidir. Cabbarov qeyd edib ki, Eminlə kafedə pivə içən zaman narkotik vasitə olan metamfetamin çəkmək istəyiblər: “Həmin gün çəkmişdik. Zəhrimar bizə bəs eləmədi. İstədik ki, yenə çəkək. Almaq üçün də tanış, etibarlı adam tapmaq lazım idi. Bir nəfərə zəng elədik. O da Ədalətin nömrəsini verdi. Ədalətə zəng edib mal gətirməsini istədik. Gəldi, kafedə görüşdük. Amma mal gətirməmişdi. Sonra Emin zəng edib Anarı çağırdı. Onu da durduğu yerdə zibilə saldı. Bir sözü də deyim ki, bu zəhrimarı niyə satırlar? Satırlar ki, biz də çəkib bədbəxt oluruq da. Bunu yığışdırsınlar, biz də çəkməyək”.

Əyyub Cabbarov deyib ki, mübahisə Ədalətin narkotik gətirməməsinə görə başlayıb. Sonra da Anar Ədalətə narkotik satdığını görə irad bildirib.

narkotik alverçisi ile ilgili görsel sonucu

“Anar dedi ki, nahaq yerə bu işlə məşğulsan, mübahisə olanda Ədalətə sillə də vurdu. Ədaləti çölə çıxaranda Emin də vurdu. Mən vurmaq istəyəndə qoymadılar”– deyə Əyyub Cabbarov qeyd edib.

Məhkəmədə məlum olub ki, həbs edilənlərdən Emin və Anar arasında mübahisə var. Onlar bir-birlərini mərhum Ədaləti döyməkdə və öldürməkdə ittiham edirlər. Hər iki tərəf deyir ki, qətli törədən etiraf edərsə, digər şəxslərin günahsız olduğu üzə çıxacaq.

Əyyub Cabbarovun ifadəsindən məlum olub ki, o da Emini təqsirli bilir.

Anarı müdafiə edən Əyyub söyləyib: “Mən Anarı həmişə yaxşı adam kimi tanımışam. O, narkotik satan şəxslərə qarşı mübarizə aparırdı. Məhəllədə narkotik satan kimi tutsa, döyürdü, qovalayırdı”.

Suallara cavab verən Əyyub söyləyib ki, Anarın mərhumu döydüyünü görməyib. Amma Əyyub konkret olaraq Eminin də mərhumu vurduğunu deyə bilməyib. Söyləyib ki, hərə öz əməlini etiraf etməlidir.

Bu zaman Emin Cəfərzadə yerindən deyib ki, Əyyub qorxduğu üçün belə danışır: “Arxadan sizi kimsə qorxdur. Ona görə də həqiqəti danışa bilmirsiz”.

Əyyub isə deyib ki, heç kimdən qorxmur, kişi kimi düzünü danışır.

Emin ifadəsində deyib ki, Ədaləti söyüş söydüyünü görə kafedə vurub: “Ədalət bariqa idi. Narkotik satırdı. Biz ondan narkotik istəyəndə vermədi. Mübahisə olanda mən də onu vurdum. Amma indi kimlərsə əməlini etiraf eləmir. Hamı ədalətdən, kişilikdən, düşməkdən danışır. Amma susur. Mən nə etdiyimi deyirəm. Axıra qədər də bunu deyəcəm”.

Məhkəmədə məlum olub ki, mərhum Ədalətin bədəninə elektrik cərəyanını Əyyub veribmiş. Əyyub bu hərəkətini belə izah edib: “Allaha and olsun ki, işgəncə üçün verməmişəm. Döyüldüyü üçün huşunu itirmişdi. “Tok” verdim ki, ayılsın”.

Məhkəmədə Anar deyib ki, təcili yardım çağırmaq istəsə də Emin ona icazə verməyib. Emin isə deyir ki, Ədalətin vəziyyətinin pis olduğunu görəndə özü təcili yardım çağırmaq istəyib.

Digər təqsirləndirilən Renad isə Ədalətin döyülməsindən xəbərsiz olduğunu deyib. Bildirib ki, Qaraçuxura gələndə həmin evdə yatıb. Oyananda isə Ədalətin öldüyünü bilib.

33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb. ile ilgili görsel sonucu

Həbs edilənlərdən Tərlan isə taksi sürücüsü olduğunu deyib. Bildirib ki, qətl hadisəsindən xəbərsizdir.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, mərhum Ədalət Əliyev taksi sürücüsü kimi fəaliyyət göstərib. O, narkotik satıcısı kimi də tanınırmış.