24.11.2017 - 15:18
Ölkə 3 baxış

Azərbaycana 40 santimetr qar yağıb

Şimal-qərb bölgəsi bu gün ilk qarı qarşıladı.

“ARB TV”dən verilən məlumata görə, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib.

Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.

Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub.

Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb.

Ərazidə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.

Şamaxının dağ kəndləri də ağ örpəyə bürünüb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb. Qarın yağması xüsusilə uşaqların hədsiz sevincinə səbəb olub.

Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: