Avtomobilinizi günəşdən necə qoruya bilərsiniz?
Bakının isti və günəşli havası avtomobillərin bir çox hissəsinə ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, günəş altında qalan avtomobillərdə temperatur 76°C-yə qədər yüksələ bilər.
Minval.info xəbər verir ki, yay aylarında Bakıda avtomobillərin əksəriyyəti günün ən isti saatlarında açıq havada qalır. Kölgəlik və qapalı dayanacaq imkanlarının məhdud olması səbəbindən sürücülər avtomobillərini saatlarla birbaşa günəş altında saxlamağa məcbur olurlar. Bu vəziyyət avtomobillərə necə təsir edir və hansı problemlər yarana bilər? Avtomobili günəşdən qorumağın ən effektiv yolları hansılardır?
Avtomobil mütəxəssisi Elçin Abbasovun sözlərinə görə, Bakının iqlimində avtomobillərə əsasən yüksək temperatur və intensiv günəş şüaları təsir edir. Bu amillər avtomobilin müxtəlif hissələrinin aşınmasını sürətləndirə bilər. Günəşdən ən çox təsirlənən hissələrdən biri boya və lak örtüyüdür. UV şüaları zamanla lak qatını zəiflədir, nəticədə səthin parlaqlığı azalır, rəng solur və bəzi hallarda zədələnir. Salon da yüksək temperatur və günəş şüalarına həssasdır. Ön panel, sükan, qapı üzlükləri və digər plastik detallar sərtləşə, rəngini dəyişə, çatlaya və deformasiyaya uğraya bilər. Dəri və süni dəri oturacaqlarda isə quruma, sərtləşmə və çatlama müşahidə edilir. Günəş altında avtomobilin salonunda temperaturun 76°C-yə çatması mümkündür. Belə istilik salon materiallarının qocalmasını sürətləndirir. Qapı və şüşə rezinləri elastikliyini itirə, sərtləşə və çatlaya bilər. Təkərlərdə də rezinin qocalması sürətlənir. Buna görə təkərlərin vəziyyətini yalnız protektorun qalınlığı ilə qiymətləndirmək olmaz, onların yaşı və yan səthlərində çatların olub-olmaması da yoxlanılmalıdır.
Elçin Abbasov əlavə edir ki, avtomobilin rəngi də günəşin təsirində müəyyən rol oynayır. Qırmızı rəng daha tez solur, qara isə daha çox qızır. Tünd rəngli avtomobillər günəş enerjisini daha çox udduğu üçün kuzov daha çox qızır və bu, salon materiallarına və digər komponentlərə düşən istilik yükünü artırır.
Avtomobili günəşdən qorumağın ən sadə və sərfəli yolu mümkün qədər kölgədə park etməkdir. Ön şüşə üçün keyfiyyətli günəşlikdən istifadə də ön paneli, sükanı və multimedia ekranını birbaşa günəş şüalarından qoruyur. Avtomobil uzun müddət istifadə edilməyəcəksə, keyfiyyətli örtükdən də istifadə etmək olar. Örtüyün avtomobil üçün nəzərdə tutulması və nəfəsalan materialdan hazırlanması vacibdir. Boya, plastik və rezin hissələrə uyğun qoruyucu vasitələrdən istifadə etmək, təkərlərin təzyiqini və ümumi vəziyyətini mütəmadi yoxlamaq da faydalıdır. Qoruyucu tədbirlərə avtomobil yeni olduğu vaxtdan başlamaq daha məqsədəuyğundur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş qazandı
Sabah - Hapoel oyununu rumıniyalı hakimlər idarə edəcək
Bakıda 38, rayonlarda 40 dərəcə isti gözlənilir
Ət qiymətləri niyə ucuzlaşmır? - Ekspert rəyi
Gürcüstan-Özbəkistan yük daşımalarında rəqəmsal inqilab
ABŞ immiqrant vizalarını bərpa edir: Azərbaycan da siyahıda!
Dializ xəstələri virusa yoluxdu: Sabunçuda araşdırma aparılır