Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yerləşən klubların birində propan qaz balonunun partlaması səbəbindən baş verən partlayış nəticəsində ölən və yaralananlar olub.

Məkan bina evinin zirzəmisində yerləşdiyi üçün binaya zərər dəyib və sakinlərin də psixoloji gərginlik yaşamasına səbəb olub.

Məlumdur ki, zirzəmilərdə qaz balonlarından istifadə qanunla qadağandır.

Bəs aidiyyəti qurumlar belə obyektlərdə reydlər keçirdikləri zaman qaz balonlarından istifadənin qarşısını niyə almayıblar?

Məlumata görə, Bakıdakı kafe-restoranların, klubların və bu kimi obyektlərin əksəriyyətində maye qaz balonlarından istifadə edilir.

Məsələ ilə bağlı Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, təhlükəsizlik baxımından obyekt sahibinin üzərinə böyük məsuliyyət düşür:

“Əvvəllər binaların altında gecə klubları olmayıb, lakin restoran, çayxanalar həmişə olub. İndi zirzəmiləri pullu adamlar alıb və gecə klubları ediblər. İcra hakimiyyətləri, yaxud müəyyən təşkilatlar kimlərəsə veriblər, onlar da artıq özəlləşdirblər. Mənim gecə klubları ilə bağlı anlayışım yoxdur və heç vaxt oralarda olmamışam”.

Millət vəkili belə obyektlərdə təhlükəsizlik məsələlərinə diqqət çəkib:

“Təhlükəsizlik baxımından ilk olaraq oranı işlədən adamların üzərinə böyük məsuliyyət düşür. Hər gecə klubuna FHN, yaxud polis işçisi qoymaq düzgün olmaz. Lakin hər obyektdə yanğınsöndürmə balonları mütləq olmalıdır. Qaz balonunun partlaması isə ciddi narahatlıq doğurur. Belə hadisələr dünyanın hər yerində olur. Baxırsınız ki, idman salonu uçdu və altında 500 adam qaldı. Bu, Allahın bir faciəsidir, belə şeylər həmişə olub. Amma təhlükəsizlik tədbirlərində ilk böyük məsuliyyət məhz obyekti işlədənin üzərinə düşür. Hökumət təhlükəsizlik tədbirlərini güclləndirməlidir. İndi çoxu deyir ki, bu obyektlər bağlanmalıdır. Düzgün deyil, bunları bağlamaq minlərlə insanları işsiz qoymaq deməkdir”.