“Yazmır onlar dəxi on dörddə bir əfalınızı,

Özünüzsüz olara yazdıran əhvalınızı…

Yoxsa bu eybdən aləmdə mübərradır olar,

Boylə alçaq yazıdan min kərə əladır olar!”

(Sabir)

Ta bilmək olmur bu hakimiyyət bu jurnalist tayfası üçün nə etməlidir. Ümumiyyətlə mən qısa ömrümdə belə qərara gəlmişəm: biz xalq olaraq hakimiyyətimizə layiq deyilik. Onlar hardasa Almaniyada, Fransada, nə bilim, Maltada-filanda inkişaf eləmiş xalqları idarə etməliydilər. İndi isə gəlib düşüblər bizim kimi qədirbilməzlərin, insafsızların, korazehinlərin arasına. Barmaqlarının beşini də Yeni Zelandiya kərə yağına batırıb ağzımıza soxsalar xeyri yoxdur.

Baxın, hökumət jurnalistlər üçün ev tikibmi? Tikib. Qonorar, medal, putyovka, diktofon, cib xərcliyi, kürü yaxmacı, qayğanaq verirmi? (Qayğanaq haqda az sonra). Verir. 3 il bundan qabaq isə Mətbuat Şurasının (MŞ) xəttiylə “Subay jurnalistlərin baş-ayaq edilməsi”, o cümlədən “Hələlik kasıb sayılan bəzi jurnalistlərin azyaşlı övladlarının milli dəyərlərimizə uyğun kiçik toy mərasimlərinin təşkili və bunun Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə həllinə təsiri” temasında projelər həyata keçirildi. Bu məqsədlə Maliyyə Nazirliyi dövlət büdcəsindən vəsait ayırdı.

Yeri gəlmişkən, srağagün hökumətin millətimizə daha bir humanist qayğısından kövrəldik. Rəhbərliyin qərarı ilə kərə yağının gömrük rüsumu gələn aydan aşağı salınacaqdır. Dərhal salmaq olmaz, çünki kərə yağının qiymətini tənzimləmək nüvə reaktorunu soyutmaq qədər uzun prosedurdur. Qəfil salsan partlayış olar. Ancaq bir pis iş var ki, hazırda yumurta əldən gedibdir, qiyməti qalxıbdır. Buna dövlət nəzarətinin bərpası önəmlidir. Əks halda qayğanaqsız qalırıq. Yumurta olanda yağ olmur, yağ olanda yumurta. İkisini birgə tapanda da müxalifət qanımızı qaraldır, “Məhsul” stadionuna yığışıb “Bizə də qayğanaq!” qışqırırlar. Anlamırlar ki, qayğanağı nənəsi ancaq Cırtdana verirdi.

Qayıdaq jurnalistlərə qayğıya, bəlkə bizə də nəsə qayğanaq (böyük ehtimalla qayğanaq sözü qayğı sözündən yaranıbdır – qədimdə özünü yaxşı aparana yumurta vermək adətimiz varmış) düşdü. Uzun sözün qısası, bu dərəcə hörmətin əvəzində jurnalistlərimiz yenə oğru dünyasından, kriminal aləmdən-zaddan yazıb təbliğatı yanlış qurmuşlar. MŞ sədri Əflatun müəllim dünən bu temada açılan qafiyədə… üzr istəyirəm, konfransda haqlı olaraq demişdir: “Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır (düzü bu yerini qana bilmədim, görünür bizdə indi xarakteri də pul kimi artırmaq imkanı varmış – Z.H.), cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi örnək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənfi haldır”. Sitatın və yazının sonu, redaktorun əmri ilə Zamin Hacının qələmi qırılıb gözünə soxulmuşdur. Zarafat edirəm, yazı hələ indi başlayır.

Nə qədər gözəl danışıbdır! Ürəyimizin dərinliyindən xəbər verir. Doğrudan da insanlarımız qəhrəmanları tanımalıdır. Örnək üçün, Beynəlxalq Bankda bir neçə milyardı basıb yeyən insana necə pərəstiş eləməyəsən? Yaxud, keçmiş MTN generalları… Qabaqlarına çıxanı tutub soyurdular. Akif müəllim az qala respublikanın yarısını şəxsi əmlakına çevirmişdi. Hacı Məmmədovun xarüqələri, uşaqları avtoşluq edənlər, şirkətini xaricdə açanlar, səsini çıxardanı basıb döyənlər, mıqq eləyənin dilini, çıkk eləyənin gözünü çıxardanlar… Maşallah, məmur-oliqarx kontingentimiz o qədər faydalı, qəhrəman, örnək tiplər yetişdirib ki, saymaqla qurtarmır. Bunlardan yazın da bə!? Yoxsa oğru dünyası belə getdi, kriminal avtoritet elə gəldi… Gənclərin beynini pozurlar. Nəticədə uşaqlar prokuror yox, kosmonavt yox, lotu olmaq arzusuna düşürlər.

Tema qəhətdirmi? Heç olmazsa pambıq tarlasında hünər göstərən, neft platformalarında qara qızıl çıxardan, hər inəkdən min kilo at əti tədarük edən əmək qəhrəmanlarımızın həyatını işıqlandırın. Bu haqda oçerklər yazın.

Hərçənd, elə nadürüst yazar nəsli yetişib ki, bunları pambıq tarlasına göndərsən də ordan kriminal tapıb yazacaqlar. Elə bu həftə özüm xəbər lentində başlıq gördüm: “Biləsuvarda pambıq yığan qadınlar arasında dava düşüb”.

Tfu. Lənət şeytana. Belə şeylər tapıb ortaya çıxaran jurnalistə pambıq tıxamaq lazımdır.

Zamin Hacı