06.08.2026 - 17:21
Ölkə 9 baxış

Qurban qurbanov: Qarabağın uğur sirrini açan məşqçi fenomeni

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo Kiyev” və “Qarabağ” arasında keçiriləcək qarşılaşma öncəsi Ukrayna mətbuatı Qurban Qurbanovun fəaliyyətinə dair ətraflı analiz yayımlayıb.

Minval.info xəbər verir ki, “champion.com.ua” nəşri “Qarabağ”ın son illərdə əldə etdiyi nailiyyətlərin təsadüfi olmadığını və bu uğurların arxasında 18 ildir komandanın başında duran Qurban Qurbanovun dayandığını vurğulayıb.

Məqalədə Qurbanovun “Qarabağ”a təyin olunduğu zaman ona olan inamın az olduğu, bunun səbəbinin isə “Neftçi”dəki əvvəlki uğursuz nəticələri olduğu qeyd edilib. Lakin onun sabit bir kollektiv yaratma bacarığı xüsusi vurğulanıb. Abdullah Zubir, Ansi Aqoli, Kevin Medina və Leandro Andrade kimi futbolçuların uzun müddət “Qarabağ”da çıxış etməsi bu sabitliyin nümunəsi kimi göstərilib.

“Qarabağ”ın Avropada tanınan bir komanda halına gəlməsində Qurbanovun rolu böyükdür. 2014-cü ildə “Dnepr” üzərində qazanılan qələbə, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi və “Atletiko Madrid”lə iki heç-heçə kimi uğurlar məqalədə xüsusi qeyd olunub. 2025/2026 mövsümündə “Benfika” və “Kopenhagen” üzərində qazanılan qələbələr, “Çelsi” ilə heç-heçə də bu uğurlar arasında yer alır.

Qurbanovun transfer siyasəti də təhlil edilib. “Qarabağ”ın böyük büdcəli transferlərdən çox, komandanın oyun sisteminə uyğun futbolçuları seçməsi vurğulanıb. Onun oyun fəlsəfəsi də geniş şəkildə izah olunub və “Qarabağ”ın hətta “Çelsi” və “Liverpul” kimi rəqiblərə qarşı topa sahib olmağa çalışdığı qeyd edilib.

“Qarabağ”ın oyun üslubu ölkə daxilində “Qafqazın Barselona”sı kimi tanınır. Qurbanovun özünü inkişaf etdirmə səyləri də məqalədə yer alıb, onun Almaniyada “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonun iş prosesini izləməsi buna misaldır.

Yazının sonunda Qurban Qurbanovun artıq Azərbaycanda yalnız bir məşqçi deyil, milli futbolun simvollarından biri olduğu vurğulanıb. Sabiq kapitan Maksim Medvedev isə onu məşhur şotlandiyalı mütəxəssis Aleks Ferqyusonla müqayisə edib, “Qurbanov bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur” deyə bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: