Problemli kreditlərə görə, kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən problemlə qarşılaşır. Onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır.

Minval.info xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov sözügedən mövzu ilə bağlı münasibət bildirib.

“Son günlər bizə olan müraciətlərdə bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağı soruşulur. Əvvəlla, bu heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar” – mütəxəssis qeyd edib.

Vüqar Bayramov


Həmçinin oxu: Problemli kreditlər siyahısında adı çıxmayanlar OXUSUN!


Ekspert bildirib ki, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır: “Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən bütün siyahılar sənədə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək”.

Bununla V.Bayramov vurğulayıb ki, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşların kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır.

 

Samir Mirzə