Bildiyimiz kimi bu gün, yəni 22 sentyabr 2021-ci il tarixindən ölkədə ibtidai siniflərdə ənənəvi tədris bərpa olunur.

 Bəs məktəblər dərslərin başlamasına hazırdırmı? Dərslər necə təşkil olunacaq?

Bu suallara cavab almaq üçün Xətai rayonundaki bir neçə məktəbdə müəllim və valideynlərdən müsahibə aldıq.

Bu mövzuda bəzi sullarımızı Xətai rayonunda yerləşən 86 №-li Tam Orta Məktəbin direktoru Cavid Əliyev cavabladı.

“Bəli, biz məktəblərdə ənənəvi dərslərin başlamasına tam hazırıq. Bu gün, yəni 22 sentyabr tarixində məktəblərdə ibtidai siniflərin, 29 sentyabrda isə V-XI siniflərin ənənəvi tədrisi bərpa oluncaqdır. Ümumilikdə 1800-dən çox şagird qəbul edəcəyik. Siniflərdə dərslər pandemiya qaydalarına uyğun şəkildə qurulub. Dərslər hazırda bir növbəli şəkildə təşkil olunur. İki növbəli dərslərin təşkili üçün isə hələ təlimat gözlənilir. Onu da qeyd etmək istərdim ki, dərslərin hibrid (red. həftənin müəyyən günləri, növbəli şəkildə dərslərin təşkili) formada keçirilməsi barədə də heç bir məlumat yoxdur. Onun üçün də qərarın çıxmasını gözləyirik. Bu müddətdə dərslər ənənəvi formada keçiriləcəkdir”.

Məktəbdə korona virusuna qarşı hansı tədbirlər görülüb?   Müəllimlərin neçə faizi tam şəkildə peyvənd olunub?

“Şagirdlər məktəbə daxil olmamışdan öncə qapıda hərarətləri yoxlanılıb, dezinfeksiya edildikdən sonra buraxılır. Divarlara virusdan qorunmaq üçün necə davranmalı olduqlarına aid plakatlar yapışdırılmışdır. Bütün müəllimlər tibbi maskadan istifadə edir. Bir ədəd izolyasiya və bir ədəd tibb otağı vardır. Məktəb psixoloqu da gərgin vəziyyətlərə tam hazırdır. Peyvənd məsələsinə gəldikdə isə demək olar ki, müəllim kollektivimizin 4 nəfər istisna olmaqla 98 faizi vaksin olunmuşdur. Vaksin olunmayanlardan üçü analıq məzuniyyətində, biri isə hamiləlik dövründədir”.

Əgər keçən il olduğu kimi, valideynlərin övladlarını məktəbə ərizə ilə buraxmama kimi seçimi olsaydı buna münasibətiniz necə olardı?

“Hələ ki, bu barədə də məlumat yoxdur. Lakin əgər yenə seçim haqqı olarsa, bunu tamamilə valideynlərin seçiminə buraxacayıq”.

Yeni qaydalara əsasən tənəffüs zamanı şagirdlərin toplanması qadağandır. Bəs onlar öz ehtiyaclarını necə ödəyəcəklər?

“Tənəffüs zamanı şagirdlər yalnız icazəli və növbəli şəkildə məktəbin ayaqyolundan istifadə edə bilər. Qida ehtiyaclarını isə özləri ilə məktəbə gətirdikləri yüngül məhsullarla öz yerlərində oturmaq şərtilə ödəyə bilərlər”.

 

Yenidən dərslər distant formaya keçirilərsə müəllimlər bu şəkildə dərs deməyə hazırdırlarmı?

“Keçdiyimiz 1 ildən artıq müddətdə bu barədə kifayət qədər təcrübə topladıq. Hətta müəllimlərimizdən biri, Hüseynova Firuzə onlayn dərslərin təşkili üzrə Xətai rayonunun I-si oldu.”

 

Məktəbdə “Zəfər Tarixi” dərsi tədris olunacaqmı?

“Bəli. Şanlı Zəfər tariximizi, bu sevinci bizə yaşadan şəhidləri şagirdlərə tanıtmaq vətəndaşlıq borcumuzdur. Hətta siniflərin qapısına şəhidlərin adını və şəklini yapışdırmışıq. Bu, şagirdlərə şəhidləri daha yaxından tanımaqda köməklik edəcəkdir”.

Bənzər sualları ətrafdaki məktəblərə və övladını məktəbə gətirmiş valideynlərə də ünvanladıq. Aldığımız cavablar isə demək olar ki, eyni oldu. Məktəblərdə müəllimlərin ortalama 95 faizi tam vaksin olunub. Hər bir məktəbdə profilaktik tədbirlər görülüb.

Valideynlər də dərslərin açıldığından, tədrisin ənənəvi formada təşkilindən sevinclidirlər.

Bütün şagird və müəllimləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edirik.

Anar Əhməd

Foto – Anar Əhməd

Minval.info