44 günlük müharibə zamanı Tərtər ən çox zərər görən rayonlarımızdan biri idi.

Müharibənin ilk saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə və ətrafdakı yaşayış məntəqələrinə çoxsaylı raket, mərmi yağdırmağa başladı.

Son statistik göstəricilərə görə, Tərtər şəhərinə və ətraf kəndlərə 21 raket, 16 min 277 artilleriya mərmisi atılıb. Nəticədə 17 mülki vətəndaş şəhid olub, 63 nəfər yaralanıb. Müharibənin vurduğu zərərin miqyası isə çox böyükdür – 3 min 548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana dağılıb və ya yararsız hala salınıb.

Müharibə zamanı “Yeni Müsavat”ın Reportyor Qrupunun əməkdaşları da Tərtərə ezam olunmuşdu. Həmin vaxtlar əməkdaşlarımız dərhal mərminin atıldığı məkanlara gedərək dağıntıya məruz qalan evləri, obyektləri çəkib izləyicilərinə təqdim edirdi.

Artıq müharibədən 1 il ötür. TV Musavat əməkdaşları olaraq, biz də müharibə zamanı gördüyümüz dağıntıların indiki vəziyyətini öyrənmək üçün yenidən Tərtər rayonuna üz tutduq. İlk getdiyimiz yer Tərtərin Düyərli kəndində yerləşən Şamil Əhmədov adına orta məktəb oldu.

Müharibə vaxtı məktəbə atılan mərmilər nəticəsində bina tam yararsız vəziyyətdə idi. Dam örtüyü uçmuş, pəncərələr sınmış, divarlarda isə mərmi qəlpələrindən dəliklər yaranmışdı.

Müharibədən bir neçe ay sonra məktəbdə təmir-bərpa işləri aparılıb. Məktəbin direktoru Ülviyyə Süleymanova dərslərin də tam bərpa olunduğunu bildirib.

Qeyd edək ki, müharibə zamanı “Yeni Müsavat”ın Reportyor Qrupu burada çəkiliş edən zaman düşmən məktəbə mərmilər atmağa başlamışdı. Xoşbəxtlikdən jurnalistlərimizdən heç biri xəsarət almamışdı.

Düyərli kəndinin girəcəyində yerləşən geyim mağazası da dağıntılara məruz qalan tikililər sırasında idi. İndi həmin obyektin də tam təmir olunduğunu müşahidə etdik. Mağaza sahibi bildirdi ki, obyektinə 150 min manat dəyərində ziyan dəysə də, heç bir kompensasiya ödənilməyib.

Növbəti gedəcəyimiz yer Tərtərin mərkəzi bazarı oldu. Müharibə zamanı buralara gəlmək çox təhlükəli idi. Çünki ermənilər bu ərazini intensiv atəş altında saxlayırdı. Atılan mərmilər bir çox obyektləri darmadağın etmişdi. Artıq bazarda bütün obyektlər bərpa olunub, şəhərdə həyat öz əvvəlki axarına düşüb.

Bazarda çəkiliş apararkən dükan sahiblərindən görülən işlərlə bağlı fikirlərini soruşduq. Onlar işlədikləri obyektlərin bərpa olunduğundan razılıq etsələr də, mərmidən dağıdılan evlərinə baxılmadığını bildirdilər. Hətta bununla bağlı bir neçə aidiyyatı orqanlara da dəfələrlə müraciət etdiklərini, lakin heç bir nəticə vermədiyini dedilər.

Kəlbəcərin Bağlıpəyə kəndindən qaçqın düşən və illərdir Tərtərin Şıxarx qəsəbəsində vaqonda yaşayan Bəhram İsmayılovun vəziyyəti daha ağırdır. Müharibə zamanı ermənilərin atdığı mərmi nəticəsində yaşadığı vaqon yararsız vəziyyətə düşüb. Buna görə də o Şıxarxda məktəbdə məskunlaşmağa məcbur qalıb. 3-cü qrup əlili olan Bəhram İsmayılov bildirir ki, tikinti şirkəti ona yeni evlə təmin edəcəyini vəd edib. Lakin 1 ildir ev tam tikilib qurtarmadığı üçün məktəbdə yaşamağa davam edir.

Ümid edirik ki, aidiyyatı qurumlar zərərçəkən Tərtər sakinlərinin problemlərini tez bir zamanda həll edəcəklər.

Qeyd edək ki, “Yeni Müsavat” Media qrupu sakinlərin şikayəti ilə bağlı heç bir məsuliyət daşımır və qarşı tərəfin fikirlərini hər zaman dərc etməyə hazırdır.

 

Elçin Əkbərov,
Anar Əhməd,
Musavat.com