Bakıda köhnə liftlər təhlükə saçır!
Bakıda köhnə liftlərin yaratdığı təhlükəsizlik problemi yenidən gündəmə gəlib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, paytaxtdakı kooperativ yaşayış binalarında quraşdırılmış yüzlərlə liftin istismar müddətinin başa çatdığını diqqətə çatdıraraq, bu istiqamətdə dövlət dəstəyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 35-40 il əvvəl tikilmiş bu binalarda quraşdırılan və hazırda köhnəlmiş vəziyyətdə olan təxminən 1000 liftin mərhələli şəkildə yenilənməsi üçün hökumət tərəfindən xüsusi proqram çərçivəsində vəsait ayrılması zəruridir.
Minval.info xəbər verir ki, araşdırmalara görə, paytaxtda bir çox kooperativ binalarda liftlərin yaşı artıq 40 ilə yaxınlaşır. Bu isə o deməkdir ki, həmin avadanlıqlar normativ istismar müddətini çoxdan başa vurub. Nəticədə bəzi binalarda liftlərin tez-tez dayanması, sıradan çıxması və ya uzun müddət işləməməsi halları müşahidə olunur.
Ekspertlər hesab edirlər ki, köhnəlmiş liftlər təkcə narahatlıq yaratmır, həm də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Mexaniki hissələrin aşınması, elektrik sistemindəki nasazlıqlar və texniki xidmətin çətinləşməsi qəza ehtimalını artırır. Bu baxımdan köhnə liftlərin mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyi, həm də şəhər infrastrukturunun yenilənməsi baxımından vacib hesab olunur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, hazırda paytaxtda bir sıra yaşayış binaları özünü maliyyələşdirmə prinsipi əsasında idarə olunur. Onun sözlərinə görə, belə binalarda liftlərin yenilənməsi birbaşa bina sakinlərinin və ya həmin binaları idarə edən mənzil-tikinti kooperativlərinin (MTK) məsuliyyət dairəsinə daxildir. Bununla belə, ekspert vurğulayır ki, məsələnin yalnız idarəetmə və maliyyə öhdəlikləri prizmasından qiymətləndirilməsi düzgün yanaşma olmaz. Çünki söhbət hər gün həmin liftlərdən istifadə edən minlərlə insanın təhlükəsizliyindən gedir.
V.Oruc əlavə edir ki, ölkədə lift təsərrüfatı ilə bağlı müəyyən idarəetmə strukturları mövcud olsa da, bəzi hallarda nəzarət mexanizmləri kifayət qədər effektiv işləmir və sistem daha çox formal xarakter daşıyır. Onun fikrincə, mövcud vəziyyətin real mənzərəsini müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumları tərəfindən xüsusi komissiya yaradılmalı və geniş monitorinqlər aparılmalıdır.
V.Oruc deyir ki, hazırda bazarda liftlərin qiyməti istehsal ölkəsindən və texniki xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əgər söhbət təxminən 1000 liftin dəyişdirilməsindən gedirsə, bir liftin alınması və quraşdırılması orta hesabla 20-30 min manat civarında qiymətləndirilir. Bu məbləğ liftin Rusiya, Çin və ya Avropa istehsalı olmasından, həmçinin onun tutumundan və digər texniki göstəricilərindən asılı olaraq dəyişə bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə vurğulayır ki, hazırda Bakıda təxminən 11 min istismar müddətini başa vurmuş köhnə çoxmənzilli yaşayış binası mövcuddur. Onun sözlərinə görə, lift problemlərinin yaranmasının əsas səbəblərindən biri əvvəllər JEK-lərin binalara nəzarət etməsi və xidmət göstərməsi, sonradan isə bu səlahiyyətlərin dayandırılmasıdır. Nəticədə köhnə binalar sahibsiz qalıb və liftlərin istismarı yalnız sakinlərin üzərinə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda hotel otağında ölüm hadisəsi baş verdi
ABŞ-də atışma: 2 ölü, 9 yaralı
Bakıda köhnə liftlər təhlükə saçır: Yenilənmə nə vaxt?
Gədəbəydə qəzada yaralananların son durumu açıqlandı
Şimali Kiprdə batan bərədə azərbaycanlılar xilas edildi
Girnə sahillərində gəmi faciəsi: 7 ölü, 237 xilasetmə
Nepalda daşqın: Ölənlərin sayı 734-ə çatdı