Bakıda köhnə liftlər təhlükə saçır: Yenilənmə nə vaxt?
Bakıda köhnə liftlərin yaratdığı təhlükəsizlik problemi yenidən diqqət mərkəzinə gəlib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, paytaxtdakı kooperativ yaşayış binalarında quraşdırılmış yüzlərlə liftin istismar müddətinin başa çatdığını vurğulayaraq, bu istiqamətdə dövlət dəstəyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, 35-40 il əvvəl tikilmiş bu binalarda quraşdırılan və hazırda köhnəlmiş vəziyyətdə olan təxminən 1000 liftin mərhələli şəkildə yenilənməsi üçün hökumət tərəfindən xüsusi proqram çərçivəsində vəsait ayrılması zəruridir.
Minval.info xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyindən verilən məlumata görə, kooperativ binalarda yerləşən liftlər dövlət mənzil fonduna aid deyil. Bu səbəbdən “Lifttəmir” İstehsalat Birliyi tərəfindən onların dəyişdirilməsi və ya xidməti həyata keçirilmir. Ekspertlər isə köhnəlmiş liftlərin təkcə narahatlıq yaratmadığını, həm də təhlükəsizlik baxımından ciddi risklər daşıdığını bildirirlər. Mexaniki hissələrin aşınması, elektrik sistemindəki nasazlıqlar və texniki xidmətin çətinləşməsi qəza ehtimalını artırır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qeyd edir ki, hazırda paytaxtda bir sıra yaşayış binaları özünü maliyyələşdirmə prinsipi əsasında idarə olunur. Onun sözlərinə görə, belə binalarda liftlərin yenilənməsi birbaşa bina sakinlərinin və ya həmin binaları idarə edən mənzil-tikinti kooperativlərinin (MTK) məsuliyyət dairəsinə daxildir. Bununla belə, ekspert vurğulayır ki, məsələnin yalnız idarəetmə və maliyyə öhdəlikləri prizmasından qiymətləndirilməsi düzgün yanaşma olmaz. Çünki söhbət hər gün həmin liftlərdən istifadə edən minlərlə insanın təhlükəsizliyindən gedir.
V.Oruc əlavə edir ki, ölkədə lift təsərrüfatı ilə bağlı müəyyən idarəetmə strukturları mövcud olsa da, bəzi hallarda nəzarət mexanizmləri kifayət qədər effektiv işləmir və sistem daha çox formal xarakter daşıyır. Onun fikrincə, mövcud vəziyyətin real mənzərəsini müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumları tərəfindən xüsusi komissiya yaradılmalı və geniş monitorinqlər aparılmalıdır.
V.Oruc deyir ki, hazırda bazarda liftlərin qiyməti istehsal ölkəsindən və texniki xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əgər söhbət təxminən 1000 liftin dəyişdirilməsindən gedirsə, bir liftin alınması və quraşdırılması orta hesabla 20-30 min manat civarında qiymətləndirilir. Bu məbləğ liftin Rusiya, Çin və ya Avropa istehsalı olmasından, həmçinin onun tutumundan və digər texniki göstəricilərindən asılı olaraq dəyişə bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə vurğulayır ki, hazırda Bakıda təxminən 11 min istismar müddətini başa vurmuş köhnə çoxmənzilli yaşayış binası mövcuddur. Onun sözlərinə görə, lift problemlərinin yaranmasının əsas səbəblərindən biri əvvəllər JEK-lərin binalara nəzarət etməsi və xidmət göstərməsi, sonradan isə bu səlahiyyətlərin dayandırılmasıdır. Nəticədə köhnə binalar sahibsiz qalıb və liftlərin istismarı yalnız sakinlərin üzərinə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-də atışma: 2 ölü, 9 yaralı
Gədəbəydə qəzada yaralananların son durumu açıqlandı
Şimali Kiprdə batan bərədə azərbaycanlılar xilas edildi
Girnə sahillərində gəmi faciəsi: 7 ölü, 237 xilasetmə
Nepalda daşqın: Ölənlərin sayı 734-ə çatdı
Şəkidə itlər niderlandlı turisti ağır yaraladı
Bakıxanovda qurumuş ağac faciə təhlükəsi yaradır