Bu ilin əsas gündəmi yüksək bahalaşmadır. Xüsusən ərzaq mallarının qiymətində müşahidə edilən böyük artımlar ümumi qiymət səviyyəsinin yüksəlməsinə səbəb olur. Rəsmi məlumatlara əsasən bahalaşma sürəti mayda 13,7 faizə yüksəlib ki, bu da 2017-ci ildən sonra qeydə alınan ən böyük artımdır.

Sfera.az xatırladır ki, bir il əvvəl illik bahalaşma 4,9 faiz idi. 2022-ci ilin yanvarında bahalaşma sürəti 12,5 faizə, apreldə 13 faizə yüksəlmişdi.

İndi hamını düşündürən məsələ bahalaşma sürətinin nə zaman səngiyəcəyidir. Dövlət Statistika Komitəsinin qiymət dəyişikliyi ilə bağlı məlumatlarının təhlili göstərir ki, inflyasiyanın səngiməsini ilin ikinci yarısından müşahidə edə bilərik.

Çünki ötən ilin iyulundan aylıq və illik qiymət artımlarında güclənmə baş verib. İyunun sonuna kimi isə yüksək qiymət artımları olmayıb.

İnflyasiya səviyyəsinə təsir edən əsas göstəricilərdən biri də cari dövrdəki qiymət artımları ilə bərabər müqayisə edilən əvvəlki dövrdəki qiymət səviyyəsidir. Əgər əvvəlki dövrdə qiymət səviyyəsi yüksək olubsa, cari dövrdə bahalaşma sürətinin böyük olması ehtimalı azalır, əks halda isə artır.

Buna görə də ehtimal etmək olar ki, xüsusi hal baş verməsə, 2022-ci ilin iyulundan inflyasiya səviyyəsi sabitləşərək tədricən eniş mərhələsinə keçəcək. İlin sonuna doğru qiymət artımlarının bir qədər də zəifləməsi mümkündür.

Lakin burada bir məsələni də qeyd edək ki, əhali üçün inflyasiya səviyyəsi ilə yanaşı ümumi qiymət səviyyəsi də vacibdir. Belə ki, bahalaşma zəifləyə bilər, amma yüksək qiymətlər qaldıqda bu vəziyyət hələ bir müddət əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir, onun xərclərini artırır. Bu səbəbdən qiymətlərin sabitləşməsindən sonra əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülməlidir.