“Vəli kişinin dedikləri hamısı cəfəngiyatdır”.
Qarabağ döyüşlərinin iştirakçısı 80 yaş Vəli Babayevin yerli saytlardan birinə verdiyi müsahibə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
O, erməni terrorçu Monte Melkonyanın habelə, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə baş verənlər barədə açıqlamalar verib.
Bununla əlaqədar olaraq Qarabağ qazisi Vaqif Əlisoy Minval.info-ya müsahibə verib. O, Vəli Babayevin dediklərini Azərbaycan ictimaiyyətini tamamilə ələ salmaq kimi qiymətləndirir:
“Artıq ikinci adam peyda olub ki, erməni şərəfsizi haqqında belə çıxış edir. Konkret yazıya gəldikdə, Zəngilandan tutmuş Qazaxa qədər 1988-94-cü ilə qədər bütün döyüş bölgələrində olmuşam, orada fəaliyyət göstərən komandirləri tanıyıram. Yəni məqalədə Vəli kişinin dedikləri hamısı cəfəngiyatdır”.
V.Əlisoy deyilənlərə faktlarla cavab verəcəyini bildirib:
“Baxın, o, müsahibəsində deyir ki, Ağdamı Xalq Cəbhəsi satıb. Ayıbdır, 80 yaşı var, hamı – ağdamlı döyüşçülər, Azərbaycan ictimaiyyəti bilir ki, Ağdamın işğal olunması bilavasitə 4 iyun Gəncə qiyamı ilə əlaqədar məsələdir. O zaman Xalq Cəbhəsinin Allahverdi Bağırovun rəhbərlik etdiyi yeganə batalyonu fəaliyyət göstərib. Həmin batalyonun böyük bir qismi Qarabağ döyüşlərində – konkret olaraq Ağdamın işğalında şəhid olub”.
Vaqif bəy həmçinin Qarabağ döyüşlərində iştirak edən Yaqub Rzayevin döyüşkən olduğunu bildirib. Lakin bununla yanaşı, kifayət qədər səhvlərə yol verdiyini qeyd edib. Bu isə onun həbsinə səbəb olub.
“Melkonyanı Rizvan Məmmədvəliyevin rəhbərlik etdiyi ekipaj öldürüb”
Müsahibimiz V.Babayevin Canpolad Rzayev haqda söylədiyi fikirlərə gəlincə bunları deyib:
“O qeyd edib ki, Canpolad Lənkərandan tank gətirib. Birincisi, ayıbdır, Vəli kişi. Ağdamda 5 dənə tank Camal Əhmədovun iştirakı ilə gətirilib. Onları ağdamlı döyüşçülər düşməni mühasirəyə alaraq tərkisilah edib ələ keçiriblər. Tanklardan biri də Yaqubun dəstəsində olan Canpolada verilib. Xüsusilə qeyd etmək istəyirəm ki, Canpolad kişi kimi döyüşən oğlanlardan biri olub. Amma belə ucuz reklam etmək yaraşmaz.
O deyir ki, Ağdamın işğalı dönəmində İsgəndər Həmidovun daxili işlər naziri, Rəhim Qazıyev müdafiə naziri, Pənah Hüseyn baş nazir, İsa Qəmbər Ali Sovetin sədri idi. Ya bu adam başını itirib, ya da kiminsə sifarişi ilə belə deyib. Həmin vaxtı hakimiyyətin başında kimlərin olduğunu hamı bilir. Vəli kişi də bilir ki, Surət Hüseynovun 709-cu hərbi hissəsi Ağdama gələndən sonra ora necə işğal olunub.”
“Erməni şərəfsizini öldürən uşaqlar sağdır”
Vəli Abbasovun Monte Melkonyan ilə bağlı dediklərinə gəlincə, Vaqif Əlisoy bunları söyləyib:
“Melkonyanı Rizvan Məmmədvəliyevin rəhbərlik etdiyi ekipaj öldürüb. O, mənim yaxım dostumdur. Hazırda Hövsan qəsəbəsində yaşayır. Hamı deyir ki, artıq üçüncü bir adam peyda olub. Dəfələrlə İbad Hüseynov da bu barədə danışıb. Ona da müraciət olunub ki, uşaqların haqqını yeməsin. Görüşə də dəvət edilib. Erməni şərəfsizini öldürən uşaqlar sağdır”.
Qeyd edək ki, Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda anadan olub. 1976-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü şəkildə yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsirlərin və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsirliyindən və girovluğundan azad olunub.
Vaqif Əlisoyun bəhs etdiyi müsahibəni buradan oxuya bilərsiniz ““Monte Melkonyanı öldürən oğlan hazırda Bakıda qəssablıq edir” – Qarabağ qazisindən sensasion müsahibə”
Samir Mirzə
Minval.İnfo