Fransanın Azərbaycana qarşı münasibəti artıq heç kimə sirr deyil. Bu münasibətlər təkcə siyasəti əhatə etmir. İş dünyasında da Fransa Azərbaycana yaxınlığı ilə bilinən şəxsləri hədəf alır. Bu araşdırmamızda aşağıda oxuyacaqsınız ki, fransızlar Türk iş adamını azərbaycanlıların əli ilə necə vurub.

Bu günlərdə Bakı Ağır Cinayət Məhkəməsində fransız şirkətinin Azərbaycanda olan nümayəndəliyinin müdiri olan türk iş adamının məhkəmə prossesi davam edir. Kimdir bu iş adamı? Bu iş adamı-Mehmet Şahan vaxtilə Fransız firması olan “THALES INTERNATIONAL” şirkətinin Azərbaycandakı nümayəndəliyinin (bilməyənlər üçün gəlirləri və iş həcmi baxımından Azərbaycanın İnvestisiya Holdinqindən belə böyük olan) müdiri vəzifəsinə təyin edilib.

Kimdir bu Mehmet Şahan?

Mehmet Şahan, yüksək səviyyədə fransız dilində danışa bildiyinə görə, həmçinin fransız şirkətləri ilə olan gərginlik zamanında türk insanına ciddi ehtiyac olduğu üçün bu vəzifəyə təyin edilib. İllərlə vəzifəsinin öhdəsindən də gəldiyi üçün bir xəbərdarlığı, töhməti də olmayıb. Özünün Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bu barədə bunları yazır:

“Mən Mehmet Şahan, Fransada yaşayıb, yüksək səviyyədə fransız dilində danışa bildiyimə görə Fransız şirkətlərinin Azərbaycandakı ofislərində ölkə müdiri vəzifəsində işləmişəm. Son iş yerim olan “Thales İnternational” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin ofisində 2014-cü ildə başlayan ölkə müdirliyi vəzifəm 2021-ci ilin aprel ayında sona çatmışdır. Hava limanı, metro və müdafiə sənayəsi sahələrində bir çox layihə üçün 4-5 işçisi olan rəhbərliyini etdiyim bu ofis sağlam münasibətlər qurub, tender prosedurları həyata keçirib və layihələr alıb. Layihə müqavilələri isə tendərə daxil olan idarə ilə “Thales”in Fransadakı Mərkəzi arasında bağlanıb. “Thales” işləri görərkən yerli tərəfdaş kimi “Modern Construction Company” (MCG) ilə müqavilə bağlayıb və uzun illər partnyor kimi birgə fəaliyyət göstəriblər”.

Elə Mehmet Şahanı həbsə aparan yolda da bu iki şirkət birlikdə hərəkət ediblər. Belə ki, Makron hakimiyyətə gəldikdən sonra “Thales İnternational” şirkətində də rəhbər vəzifə tutan şəxslər dəyişib. İllərdən bəri şirkətin idarəçiliyini edən yəhudi əsilli Fransa vətəndaşlarının yerinə Makrona yaxın ermənilərin gəlməsindən və ən əsası Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın 20 illik ən yaxın dostu Pierre Mathieu şirkətdə rəhbər vəzifəyə təyin olunduqdan sonra şirkətin Azərbaycan siyasəti 180 dərəcə dəyişib. Elə Mehmet Şahanın da qara günləri bundan sonra başlayıb.

Özü prossesi belə izah edir:

“2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn “Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində “Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər. İşdən çıxarıldığımda bu haqsızlığı qəbul edə bilmədim və münasibətimi illərlə dostum hesab etdiyim MCG sahiblərinə bildirdim. MCG-nin sahibləri adlandırdığım Oyrat Tağıyev və Emin Əliyev adlı milliyəti azərbaycanlı, ancaq Lüksemburqda yaşayan şəxslərdir. “Thales”i məhkəməyə verəcəyimi, bunların Ermənistanın dostu olduğuna görə məni qovduqlarını dedim. Emin Əliyev isə “Thales”in yeni rəhbərliyi ilə yaxın münasibət qurmaq üçün mənim haqqımda şişirdilmiş dezinformasiyalar yaydı”.

Beləliklə, “Thales” tərəfindən M.Şahan ilə bağlı Azərbaycanda olan nümayəndəliyə 7 il rəhbəlik edən Mehmet Şahan tərəfindən şirkətin nümayəndəliyinin gəlir və büdcəsində olan pul vəsaitlərinin mənimsənilməsi və talanması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət edilir. Həmin müraciətdə guya 2014-2021-ci illər ərzində Mehmet Şahan tərəfindən şirkətin çalışanlarının əmək haqları və dövlətin vergi ödənişləri ödənilməmiş, ortalama aylıq 50-60 min avro məbləğində nümayəndəliyə məxsus pul vəsaitinin onun tərəfindən mənimsənildiyi iddia edilir. Lakin hansısa səbəbdənsə bu 7 il ərzində şirkətin baş ofisi tərəfindən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparılmaması nəzərə alınmır (Baxmayaraq ki, şirkət elə rəsmi səhifəsində hər il illik audit yoxlamasının nəticəsini yerləşdirir və orada Azərbaycan nümayəndəliyi ilə bağlı bir neqativ məqam yoxdur). Yaxşı, bəs prossesdə kimlərin maraqları vardır? Bu sualın tam cavabı bəlli olmadığından, Mehmet Şahanın da aqibəti qaranlıq qalmaqdadır.