07.08.2026 - 19:16
İqtisadiyyat 26 baxış

Şabranda su qıtlığı: Kənd sakinləri xəstəlik riski ilə üz-üzə

Şabran rayonunun Gəndov kəndində yaşayanlar uzun müddətdir içməli su çatışmazlığı ilə üzləşirlər. Kənd sakinləri bildirirlər ki, bəzi ərazilərdə su təminatı olsa da, əksər yerlərdə su qıtlığı ciddi problem olaraq qalır.

Minval.info xəbər verir ki, kənddə iki su anbarı mövcud olsa da, yalnız biri işlək vəziyyətdədir. Sakinlərdən biri suyun keyfiyyətindən narazı olduğunu bildirərək, “Ağ lilli sudur, çəlləklərə yığıb durultduqdan sonra istifadə edirik. Bu da xəstəlik mənbəyidir. Ayda üç maşın su alıram, hər dəfə 50 manat verirəm”, – deyə qeyd edib.

Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məsələ ilə bağlı əraziyə baxış keçirildiyini və su şəbəkəsində müəyyən qüsurların aşkarlandığını bildirib. 1000 kubmetrlik su anbarının divarında yaranan çat səbəbindən həmin anbarın istifadəyə yararsız olduğu və yalnız bir anbarın fəaliyyət göstərdiyi qeyd olunub.

Anbarın mühafizə çəpərinin olmaması və təmirə ehtiyac yaranması ilə bağlı smeta hazırlanaraq baş idarəyə təqdim edilib. Layihələndirmə işləri başa çatdıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra təmir işlərinin həyata keçiriləcəyi və nəticədə kənddə içməli su probleminin həll olunacağı vurğulanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: