Fuad Əliyev: “Kim olursa olsun, azərbaycanlılarımıza normal münasibət göstərsin”
Elçin Mirzəbəyli: “Putini sevməyənlər Kseniya Sobçaka səs verməklə…”
2018-ci il martın 18-də Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlı proseslər qızışır. Yeni-yeni isimlər ölkə rəhbərliyinə iddialarını açıqlayırlar. Hazırkı prezident və üzümüzə gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Vladimir Putinin rəqibləri olmaq üçün çoxsaylı iddiaçı var.
Doğrudur, onlardan hələ Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlikləri qeydə alınanlar yoxdur. Amma bununla belə iddiaçıların tam siyahısını təqdim edirik:
1. Boris Titov-Biznes ombudsman, “Artım” partiyasının sədri
2. Maksim Suroykin- Rusiya kommunistləri partiyasının nümayəndəsi
3. İrina Volınets – “Ailənin dəstəklənməsi və sosial təşəbbüslərin inkişafı milli valideyn komitəsi” ictimai hərəkatının sədri
4. Vladimir Mixaylov- Kostromsk vilayət dumasının deputatı
5. Stepan Sulakşin- Prezidentin Tomsk vilayəti üzrə keçmiş nümayəndəsi
6. Yekaterina Qordon- jurnalist
7. Sergey Paxomov- aktyor, rəssam, aparıcı
8. Alina Vituxnovskaya- ictimai xadim
9. Elvira Aqurbaş- Mortadel şirkətinin 1-ci vitse-prezidenti
10. Yelena Semerikova- Qadın dialoqu partiyasının sədri
11. Sergey Polonskiy- biznesmen
12. Larisa Renar- məşqçi
13. Tatyana Volovik- hərəkat sədri
14. Oleq Lurye- jurnalist
15. Yelena Klimaşkina- satıcı
16. Sergey Mavrod- MMM maliyyə piramidasının təsisçisi
17. Anton Bakov- Monarxiya partiyasının banisi
18. Andrey Bajutin- Rusiya daşımacılar birliyinin lideri
19. Qriqori Yavlinski- Yabloko partiyası
20. Vladimir Jirinovski- Dumanın deputatı
21. Pavel Qrudinin- “Lenin adına sovxoz” QSC-nin direktoru
22. Vladimir Putin-hazırkı prezident
Qeyd edək ki, blogger Aleksey Navalninin namizədliyinin qeydə alınmayıb.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Rusiya rəhbərliyinə iddiaçı olan şəxslərdən üç nəfəri ilə indiyə qədər əlaqələrinin olduğunu söylədi: “Vladimir Jirinovski, Qriqori Yavlinski ilə əlaqələrim olub. Zuqanov namizəd olmasa da, onunla da əlaqəm olub. Jirinovski ilə 2008-ci ilə qədər əlaqələrimiz olub və ondan sonra kəsilib. Son illərdə Yavlinski ilə münasibətlərimiz qurulub. Onunla yazışırıq, görüşürük. Rusiya Kommunist Partiyasının yeni namizədi Pavel Qrudini tanımıram. Onun adını internet vasitəsilə eşitdim. Üç gün öncə onun fikirləri ilə bir verilişdə tanış oldum. Xanım jurnalist namizəd Kseniya Sobçakla ümumiyyətlə, tanışlığım yoxdur. Seçkilərlə bağlı belə bir proqnoz verə bilərəm ki, bu seçkilərdə ənənə pozulacaq. Jirinovski bu dəfə ikinci yeri tutacaq. Navalnini siyasətçi kimi qəbul etmirəm. Namizəd olsaydı belə, nələrinsə dəyişəcəyini əvvəlcədən düşünmürdüm. O adi bir blogger olub. Bir bloggeri gətirib siyasətçi ediblər. Bu baxımdan onu siyasətçi kimi qəbul etmirəm. Onun fikirləri ilə tanış olmuşam. Siyasətçi kimi onda xarizma yoxdur, düzgün fikirlər də siyasətçi kimi səsləndirmir. Mənim üçün kimin prezident seçilməyinin heç bir fərqi yoxdur. Çünki Rusiya vətəndaşı deyiləm. Bu baxımdan kiməsə dəstək də verməyəcəm. Mənim üçün istənilən ölkədə keçirilən seçkilərdə kimin qalib gəlməsinin heç bir önəmi yoxdur. Bu gün Rusiyada 3 milyon azərbaycanlı yaşayır.
Ən əsası kim olursa olsun, azərbaycanlılarımıza normal münasibət göstərsin. Yəni onları çox incitməsinlər. Rusiyada Azərbaycanla bağlı bir dövlət siyasəti var. Bu baxımdan kimin prezident olmasından asılı olmayaraq, eyni siyasət yürüdüləcək. Bu baxımdan heç bir şey gözləmirəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Putinin bu günə qədərki rəqiblərinin siyahısı Rusiya seçicisinin alternativ axtarışına imkan vermir. Kimi seçəcək Rusiya seçicisi? Təlxək Jirinovskini, rus Freyyası (erotika ilahəsi) Kseniya Sobçakı, “Lenin adına sovxozun direktoru” adından başqa təqdimat üçün heç bir göstəricisi olmayan Pavel Qrudinini…? Adıçəkilən şəxslərlə Vladimir Putinin arasındakı məsafə o qədər böyükdür onların seçkilərdə hər hansı bir nəticə əldə edəcəyi haqqında danışmağa belə dəyməz. Qərb mediası Navalnının seçkiyə buraxılmadığını iddia etsə də, o, seçkini boykot edəcəyini deyir. Zənnimcə, Rusiyada keçirilən seçkiləri də məhz bu müstəvidən – “Boykot” kontekstindən dəyərləndirmək lazımdır. Rusiyadan kənarda fəaliyyət göstərən rusdilli medianın iddiasına görə, hazırda Kremli narahat edən seçkilərdə aktivliyin aşağı olacağı, passiv, yaxud aktiv boykotun baş tutması ehtimalıdır. Ehtimallara görə, Putinin seçki texnoloqları 70 % seçici aktivliyinin təmin edilməsinə çalışırlar. Çünki “xalqın namizədi” kimi seçkilərə qatılan Vladimir Putin üçün çoxluğun səsi ilə qələbə qazanmaq mühüm əhəmiyyət kəsb edir. Bu günə qədər seçkiyə qatılan namizədlərdən hansının 2-3-cü sırada olacağına gəldikdə isə, çox güman ki, kommunistlərin namizədi müəyyən qədər radikal mövqeyi ilə diqqəti cəlb etməyə çalışacaq. Onun 2-ci sırada yer alması mümkündür. Başqa nəticədə ola bilər. Məsələn, Putini sevməyənlər Kseniya Sobçaka səs verməklə indiki Rusiya prezidentinə öz münasibətlərini nümayiş etdirmək niyyətinə düşə bilərlər”.
Politoloq iddiasını irəli sürən şəxslərdən yalnız birini gördüyünü qeyd etdi: “Adıçəkilən namizədlərdən yalnız Kseniya Sobçakı görmüşəm, həm də atasının yanında… O zaman Kseniyanın təxminən 10-11 yaşı vardı… Böyüyüb rus Freyyası olacağını təsəvvür belə etməzdim. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rusiyanın siyasi partiyaları və ayrı-ayrı siyasətçiləri ilə heç bir əlaqəsi yoxdur”.
Cavanşir ABBASLI
Musavat.com