Prezident İsmayıllıya 6,9 milyon ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.İnfo sərəncamın mətnini təqdim edir:
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artmış, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilmiş, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, “Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, 10 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon (iki milyon dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 5 ayda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bitkoinin qiyməti 50 min dollara yaxınlaşıb
Prezident büdcədən pul ayırdı
Lirə manata nəzərən yenə ucuzlaşdı
Milli Məclisin Mədəniyyət komitəsinin işlər planı açıqlanıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycanda milli valyuta üzərində təzyiqin azalmasına nə səbəb olub?