Məleykə Abbaszadədən abituriyentlərə seçim tövsiyələri
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə ali məktəblərdə boş qalan yerlər və orta ixtisas təhsili müəssisələri üzrə seçim zamanı imkanlarını düzgün qiymətləndirməyi tövsiyə edib.
Minval.info xəbər verir ki, Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, ali məktəblərə əsas yerləşdirmə zamanı bu il müsabiqədə 87 146 nəfərin iştirak etdiyini, 58 947 nəfərin ali təhsil müəssisələrinə qəbul olunduğunu bildirib. Qəbul planı 97,07 faiz dolub və ötən illə müqayisədə tələbə adını qazananların sayı 1711 nəfər artıb.
DİM sədri qeyd edib ki, müxtəlif ixtisas qrupları və ixtisaslar üzrə rəqabət səviyyəsi ciddi fərqlənib. I və II ixtisas qruplarında müsabiqə vəziyyəti daha əlverişli olsa da, III və xüsusilə IV qruplarda bəzi ixtisaslar üzrə yüksək rəqabət yaranıb. Abituriyentlər ötən ilin keçid balını builki qəbul üçün təminat kimi qəbul etməməlidirlər, çünki keçid balı əvvəlcədən müəyyən edilmir və həmin il ixtisasa müraciət edənlərin nəticələri, sayı və plan yerlərindən asılı olaraq müsabiqənin sonunda formalaşır.
Məleykə Abbaszadə boş qalan yerlər üzrə seçim mərhələsində abituriyentlərin daha geniş imkanlara malik olduğunu vurğulayıb. Abituriyent eyni elektron ərizədə həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını göstərə bilər. Seçim siyahısına 20-dək ixtisas kodu daxil etmək mümkündür və onların ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
DİM sədri bildirib ki, ali məktəblərin boş qalan yerlərinə qəbul zamanı müvafiq ixtisas qrupu üzrə birinci və ikinci mərhələnin ümumi nəticəsi, orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı isə yalnız buraxılış imtahanının ümumi balı nəzərə alınır. “Abituriyent” jurnalının 5-ci nömrəsində tam orta təhsil bazasında orta ixtisas təhsili üzrə təxminən 18,4 min plan yeri təqdim olunub. Bu yerlər iqtisadiyyat, maliyyə, idarəetmə, turizm, logistika, İT, texnika, səhiyyə, aqrar, sosial-humanitar, pedaqoji, incəsənət və digər istiqamətləri əhatə edir.
Məleykə Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili ali məktəbə qəbul ola bilməyənlər üçün yalnız ehtiyat variant kimi qiymətləndirilməməlidir. Kolleci bitirərək subbakalavr dərəcəsi alan şəxslərin sonradan uyğun bakalavriat ixtisasları üzrə ali təhsilə müsabiqə yolu ilə davam etmək hüququ da var. “Mütləq ali məktəbə qəbul olmalıyam” düşüncəsi ilə təsadüfi ixtisas seçmək düzgün deyil. Bəzən yaxşı seçilmiş orta ixtisas təhsili proqramı insanın maraqlarına və gələcək peşəsinə uyğun olmayan ali məktəb ixtisasından daha doğru başlanğıc ola bilər”, – DİM sədri vurğulayıb.
Məleykə Abbaszadə abituriyentlərə seçim zamanı özlərinə “Mən bu ixtisasa qəbul olsam, həqiqətən burada oxumağa hazıram?” sualını verməyi tövsiyə edib. “Məqsəd hər hansı yolla tələbə olmaq deyil. Məqsəd sizin qabiliyyətinizə, marağınıza və gələcək planlarınıza uyğun təhsil yolunu seçməkdir”, – DİM sədri bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN-dən vətəndaşlara saxta xidmətlər xəbərdarlığı
Ət bazarında qiymət artımı: Səbəblər və həllər
Sentyabrda 4 bürc üçün pul yağışı gözlənilir
Azərbaycandan Ermənistana növbəti tranzit tədarükü
Alibaba süni intellekt üçün 10 milyard dollar topladı
Etibarnamə verən vəfat edərsə, sənəd etibarsızdır
Neft bazarında qiymət dəyişiklikləri: Brent ucuzlaşdı