02.09.2026 - 12:13
Siyasət 460 baxış

"Məkkə Alyansı" NATO-ya üstünlük qurmaq imkanı qazanır: Qlobal qüvvələr nisbəti artıq darmadağın olmağa başlayıb

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ortaq təhlükəsizlik gündəliyinə bağlı bu quruma yeni üzvlər cəlb edə bilsələr, Yaxın Şərqdə qlobal güclərdən müstəqil regional hərbi-siyasi mexanizm yarana bilər… Ona görə də, “Məkkə alyansı”nın yaxın gələcəkdə məhz yeni qlobal geopolitik mərhələnin əsas faktorlarından birinə çevrilə biləcəyi də artıq qətiyyən istisna deyil…

Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yenidən formalaşır. Belə ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının birgə müdafiə əməkdaşlığı çərçivəsində yaratdığı yeni hərbi-siyasi struktur artıq fərqli situasiyanın əsasını qoymağa başlayıb. Ona görə də, bu hərbi-siyasi alyans Yaxın Şərqdə, hətta ümumiyyətlə, qlobal məkanda qüvvələr nisbətini ciddi şəkildə dəyişə biləcək önəmli geopolitik təşəbbüs kimi qəbul olunur. Və İstanbulda keçirilən ilk toplantısında yeni hərbi-siyasi birliyin rəsmi adı da elə “Məkkə müdafiə alyansı” olaraq, təsdiqlənib.

Onu da qeyd etmək lazımdır ki, yeni formatın katibliyinin Ər-Riyadda yerləşdirilməsi, ilk baş katib vəzifəsinin isə Pakistan nümayəndəsinə həvalə olunması alyansın üç ölkə arasında balanslaşdırılmış mexanizm kimi qurulduğunu göstərir. Türkiyə alyansa hərbi-siyasi çəkisi, Səudiyyə Ərəbistanı maliyyə və regional imkanları, Pakistan isə böyük hərbi-strateji potensialı ilə daxil olub. Və bu üç ölkənin bir araya gəlməsi sırf ikitərəfli müdafiə əməkdaşlığından daha genişmiqyaslı nəticələr də doğura bilər.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu hərbi-siyasi alyansın əsas məqsədinin məhz regionda yeni təhlükəsizlik arxitekturası yaratmaq olduğunu bildirib. Rəsmi Ankara xüsusilə də bu alyansın hər hansı dövlətə qarşı yönəlmədiyini qabardır. Ancaq bununla belə, Yaxın Şərqdə belə bir yeni hərbi-siyasi mexanizmin formalaşması istər-istəməz mövcud güc balansına təsir göstərəcək.

Rəsmi Ankaranın digər önəmli mesajı Türkiyənin NATO-dakı öhdəlikləri ilə bağlıdır. Xarici işlər nazirinin dediyinə görə, “Məkkə alyansı” Türkiyənin NATO və digər beynəlxalq ittifaqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ləğv etmir və onları əvəzləmir. Əksinə, yeni hərbi-siyasi format mövcud təhlükəsizlik sistemini tamamlamalı, regional məsuliyyəti və strateji əməkdaşlığı daha da gücləndirməlidir.

Əslində, rəsmi Ankaranın bu mövqeyi Türkiyənin son illərdə formalaşdırdığı çoxvektorlu təhlükəsizlik strategiyasına da uyğundur. Belə ki, Türkiyə bir tərəfdən, NATO daxilindəki mövqeyini qoruyur. Digər tərəfdən isə Yaxın Şərqdə, Cənubi Qafqazda və İslam dünyasında müstəqil regional tərəfdaşlıqlarını genişləndirir. Və bu baxımdan, rəsmi Ankara Türkiyənin təhlükəsizlik maraqlarını yalnız Qərb strukturlarından asılı vəziyyətdə saxlamaq əvəzinə, paralel regional mexanizmlər də yaratmağa çalışır.

Hazırda yeni hərbi-siyasi ittifaqa yönəlik əsas suallardan biri də məhz onun yaxın gələcəkdə daha hansı ölkələri əhatə edəcəyi ilə bağlıdır. Bu baxımdan, Misirin mümkün iştirakının xüsusilə böyük əhəmiyyət daşıdığı vurğulanır. Və rəsmi Qahirənin “Məkkə razılaşması”na qoşulmaq istəmədiyi barədə iddialar yayılsa da, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu barədə açıqlamaları fərqli situasiyanı təsvir edir.

Məsələ ondadır ki, Türkiyənin XİN rəhbəri Misirin bu məsələni hazırda ətraflı şəkildə nəzərdən keçirdiyini bildirib. Eyni zamanda, Hakan Fidan rəsmi Ankaranın Qahirə ilə bu məsələni əvvəldən müzakirə etdiyini və Misirin Türkiyə üçün “təbii tərəfdaş” olduğunu da vurğulayıb. Əgər Misir də bu formata qoşularsa, “Məkkə alyansı”nın hərbi-siyasi çəkisi daha da arta bilər. Çünki Misir ərəb dünyasının əsas hərbi-siyasi mərkəzlərindən biridir. Eyni zamanda, Misir Süveyş kanalı, Qırmızı dəniz, Şimali Afrika və Şərqi Aralıq dənizi istiqamətlərində strateji mövqeyə malikdir. Və Misirin də qoşulacağı təqdirdə, alyans üçtərəfli müdafiə mexanizmindən daha genişmiqyaslı regional təhlükəsizlik platformasına çevrilə bilər.

Ancaq yeni hərbi-siyasi alyansın qarşısında yalnız xarici təhlükələr deyil, Yaxın Şərq daxilindəki ciddi fikir ayrılıqları da dayanır. Xüsusilə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə dərinləşən qarşıdurma Yaxın Şərqin yeni geopolitik xəritəsinə də təsir edir. Halbuki, bir neçə il əvvələ qədər bu iki ölkə önəmli regional böhranlara münasibətdə məhz eyni mövqedən çıxış edirdi. Belə ki, Misirdə hərbi çevriliş, Liviyadakı parçalanma və Qətər böhranı zamanı hər iki ölkə faktiki olaraq, eyni geopolitik düşərgədə dayanmışdı.

Hazırda isə Səudiyyə Ərəbistanı və BƏƏ arasında regional liderlik uğrunda rəqabət daha aydın şəkildə görünür. Belə ki, bəzi hallarda bu iki ölkə regional münaqişələrdə fərqli tərəfləri dəstəkləyərək, yerli qarşıdurmaların daha genişmiqyaslı geopolitik rəqabətin alətinə çevrilməsinə səbəb olurlar. Bu baxımdan, vaxtilə daha vahid mövqeli görünən ərəb blokunun daxilində yeni parçalanma istiqamətləri müşahidə olunur. Və bu, “Məkkə alyansı”nın gələcək genişlənmə prosesi qarşısında daha mürəkkəb problemlər yarada bilər.

Təbii ki, mövcud vəziyyətdə Türkiyə bir tərəfdən, Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə əməkdaşlığını gücləndirir. Digər tərəfdən isə Misirin alyansda mümkün iştirakını dəstəkləyir. Bu isə Türkiyənin Yaxın Şərqdə yalnız ikitərəfli münasibətlər deyil, daha genişmiqyaslı regional təhlükəsizlik sistemi qurmağa çalışdığını göstərir. Çünki burada əsas məsələ yeni alyansın hansı ölkəyə qarşı yönəlməsi deyil. Daha önəmli məqam region dövlətlərinin öz təhlükəsizliklərini artıq yalnız ABŞ və digər qlobal güclərin təmin etməsinə arxalanmaq istəməməsidir.

Ona görə də, son vaxtlar Yaxın Şərqdə getdikcə, daha çox ölkə hərbi-siyasi imkanlarını birləşdirərək, yeni regional təhlükəsizlik mexanizmləri yaratmağa çalışır. Əgər “Məkkə alyansı” yeni üzvlərin hesabına genişlənərsə, yaxın gələcəkdə ortaq hərbi təlimlər, kəşfiyyat mübadiləsi, müdafiə sənayesi əməkdaşlığı, hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi kimi sahələrdə koordinasiya imkanları arta bilər. Ancaq bu hərbi-siyasi alyans daxilində strateji maraqların tam şəkildə üst-üstə düşmədiyini də mütləq nəzərə almaq lazımdır.

Bütün bunlara baxmayaraq, “Məkkə müdafiə alyansı” Yaxın Şərqdə daha böyük geopolitik transformasiyanın real əlaməti hesab olunur. Belə ki, rəsmi Ankara Türkiyənin regional təsir gücünü ciddi şəkildə genişləndirir. Buna paralel olaraq, Pakistan yeni təhlükəsizlik platformasında önəmli mövqelər qazanır. Və Səudiyyə Ərəbistanı isə liderlik iddiasını daha real müstəviyə keçirməyə çalışır.

Bu baxımdan, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ortaq təhlükəsizlik gündəliyi formalaşdıra və quruma yeni üzvləri cəlb edə bilsələr, Yaxın Şərqdə qlobal güclərdən nisbətən müstəqil regional hərbi-siyasi mexanizmin yaranması mümkün ola bilər. Bu prosesin ən yaxın gələcəkdə NATO-ya üstünlük qurmaq imkanlarına qədər inkişaf edə biləcəyi isə elə indidən Qərbdə ciddi narahatlıq doğurmağa başlayıb. Və ona görə də, “Məkkə alyansı”nın məhz yeni qlobal geopolitik mərhələnin əsas faktorlarından birinə çevrilə biləcəyi də artıq qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: