17.08.2026 - 12:55
Siyasət 1. 363 baxış

VACİBİlham Əliyevdən Rusiyaya yerində MESAJ

İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmayıb. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

“Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”, – Prezident qeyd edib.

Bəllidir ki, 10 noyabr 2020-ci il üçtərəfli sənədinin 9-cu bəndinə əsasən dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidməti yerləşəcəkdi. Dövlət başçısı da bu anlaşmaya işarə edib. Rusiya bu fürsəti niyə qaçırdı? Nə üçün İrəvana təzyiq etmədi və ya edə bilmədi ki, sonda koridor “Tramp yolu”na çevrildi?

“İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmayıb”. Bu sözləri Musavat.com-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Onun fikrincə, Azərbaycan dəfələrlə həm Rusiyaya, həm də Ermənistana vaxt getdiyini, 10 noyabr bəyanatının mühüm hissəsinin icra olunmadığını çatdırıb: “Cənab prezidentin bu açıqlaması mühüm sualı ortaya qoyur: Rusiya 10 noyabr razılaşmasında üzərinə götürdüyü roldan niyə istifadə etmədi? 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndi kifayət qədər aydın idi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin olunması nəzərdə tutulurdu və bu kommunikasiyaların təhlükəsizliyinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən həyata keçirilməsi müəyyənləşdirilmişdi. Yəni Rusiya üçün burada konkret mexanizm və konkret rol var idi”.

“Amma beş il ərzində bu mexanizm işləmədi. Ermənistan müxtəlif bəhanələrlə prosesi uzatdı. Rusiya isə ya İrəvana lazımi təsiri göstərə bilmədi, ya da bu istiqamətdə kifayət qədər israrlı davranmadı. Prezidentin “ya bunu təmin edə bilmirdi, ya da hansısa başqa səbəblər var idi” ifadəsi də məhz bu baxımdan çox ciddi siyasi mesajdır”, – deputat qeyd edib.

Parlamentari diqqətə çatdırıb ki, Rusiya regional mövqeyini uzunmüddətli perspektivdə gücləndirə biləcək ciddi imkan əldə etmişdi: “Zəngəzur üzərindən kommunikasiyanın açılması yalnız Azərbaycanın Naxçıvanla əlaqəsi məsələsi deyildi. Bu, Rusiyanın regionda nəqliyyat və iqtisadi imkanlarının genişlənməsi demək idi. Amma bunun üçün razılaşmanın icrası təmin edilməli idi. Ermənistanın prosesi uzatmasına imkan verildikcə isə həmin üstünlük tədricən əldən çıxdı. Burada ən böyük siyasi paradoks ondan ibarətdir ki, Rusiya üçün yaradılmış imkan son nəticədə başqa bir geosiyasi formatın yaranmasına gətirib çıxardı”.

“Bu gün biz artıq başqa mənzərə görürük. Vaşinqton prosesi aktiv şəkildə gündəmə gətirir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşmasında ABŞ-ın rolu artır və regional kommunikasiyaların açılması məsələsi də yeni formatda müzakirə olunur. Beləliklə, 2020-ci ildə Moskvanın əlində olan imkan 2025-ci ildən etibarən Vaşinqtonun da iştirak etdiyi yeni geosiyasi platformaya keçdi. Bu mənada “Tramp yolu” ifadəsi təsadüfi deyil. Burada söhbət yalnız bir yolun adının dəyişməsindən getmir. Söhbət Cənubi Qafqazda geosiyasi təşəbbüsün necə dəyişməsindən gedir. Rusiya vaxtında istifadə edə bilmədiyi imkanın nəticələrini bu gün artıq görür. Prezident İlham Əliyevin Rusiyaya mesajının əsas mahiyyəti də bundan ibarətdir: regional proseslərdə yaranmış boşluq uzun müddət boş qalmır. Həm də unutmayaq ki, ”müqəddəs yerlər heç vaxt boş qalmır”, – deputat əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: