23.08.2026 - 13:13
Siyasət 748 baxış

İlham Əliyev Daşkəndə getdi: iki qardaş ölkə arasında yeni strateji xəritə

“Azərbaycan ilə Özbəkistan arasında formalaşan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri Türk dünyasının inteqrasiyasında, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi-siyasi baxımdan bir-birinə daha sıx bağlanmasında müstəsna rol oynayır. İki ölkə liderləri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı şəxsi dostluq və qarşılıqlı etimad dövlətlərarası əlaqələrin dinamikasını keyfiyyətcə yeni müstəviyə qaldırıb. İmzalanmış Müttəfiqlik haqqında Bəyannamə eləcə də son illərdə həyata keçirilən intensiv ali səfərlər isə tərəfdaşlığın institusional əsaslarını tam möhkəmləndirib. Bakı və Daşkənd artıq yalnız ikitərəfli layihələrlə kifayətlənmir, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində və digər beynəlxalq platformalarda vahid geosiyasi və iqtisadi mövqedən çıxış edirlər”.

Bu sözləri Musavat.com-da Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.

O qeyd edib ki, ölkə başçımızın 3 gün öncə Özbəkistan Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə də ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf trayektoriyasına verilən dərin analitik baxış kimi qiymətləndirilməlidir: “Müsahibədə xüsusilə vurğulanır ki, Azərbaycan-Özbəkistan münasibətləri tarixi köklərə, ortaq mədəniyyətə və dil birliyinə söykənərək sarsılmaz müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev ticarət dövriyyəsinin kəskin artmasını, nəqliyyat-logistika sahəsində koordinasiyalı fəaliyyəti və sənaye kooperasiyasını iqtisadi tərəfdaşlığın sütunları kimi qeyd edib. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpa olunması prosesində Özbəkistanın nümayiş etdirdiyi qardaşlıq dəstəyi – Füzulidə inşa edilən Mirzə Uluqbəy adına məktəb və kənd təsərrüfatı layihələri iki xalq arasında mənəvi birliyin parlaq təzahürü kimi diqqətə çatdırılıb. Münasibətlərin praktiki müstəvidə genişlənməsinin bariz göstəricisi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana planlaşdılan dövlət səfəri ərəfəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Daşkənddə mühüm ikitərəfli saziş və müqavilələrin imzalanmasını göstərmək olar. Bu sənədlər iki ölkənin iqtisadiyyatlarının komplementar xarakterini daha da gücləndirir. İmzalanmış razılaşmalar birgə İnvestisiya Fondunun resurslarından səmərəli istifadə olunmasını, maşınqayırma, toxuculuq, kimya sənayesi və kənd təsərrüfatı kimi sahələrdə konkret istehsal zəncirlərinin qurulmasını hədəfləyir. Eyni zamanda, neft-qaz və bərpa olunan enerji sahələrində, xüsusən SOCAR və “Özbekneftegaz” xətti ilə birgə layihələrin inkişaf etdirilməsi, kənd təsərrüfatı mallarının emalı və idxal-ixrac prosedurunun asanlaşdırılması sazişlərin ana xəttini təşkil edir”.
Deputat: Bakı və Daşkənd Avrasiyanın iqtisadi xəritəsini dəyişir

Deputatın sözlərinə görə, Prezidentin dövlət səfərindən gözləntilər son dərəcə böyük və strateji əhəmiyyətlidir: “İki ölkə liderinin görüşündə siyasi dialoqun daha da dərinləşdirilməsi ilə yanaşı, Trans-Xəzər nəqliyyat dəhlizi – Orta Dəhlizin imkanlarından tam gücü ilə istifadə edilməsi prioriteti dayanır: “Mərkəzi Asiyadan yüklərin Azərbaycan üzərindən Avropa və dünya bazarlarına daşınması həcminin artırılması, vahid tarif və logistika siyasətinin razılaşdırılması gözlənilir. İqtisadi müstəvidə yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin müəyyən edilmiş hədəflərə çatdırılması, ticarət evlərinin şəbəkəsinin genişləndirilməsi və sənaye parklarında birgə müəssisələrin sayının artırılması əsas nəticələr sırasındadır. Səfər çərçivəsində həm də energetika təhlükəsizliyi, “yaşıl enerji”nin Mərkəzi Asiyadan Azərbaycan və Avropaya nəqli üzrə çoxtərəfli təşəbbüslərin müzakirəsi və yeni strateji yol xəritələrinin qəbulu planlaşdırılır. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana nəzərdə tutulan bu dövlət səfəri yalnız ikitərəfli münasibətlərin keyfiyyətcə yeni zirvəyə yüksəlməsini təmin etməyəcək, həm də bütün Avrasiya məkanında yeni nəqliyyat, iqtisadi və geosiyasi reallıqların möhkəmlənməsinə ciddi təkan verəcəkdir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: