Elxan Şahinoğlu: “Tramp Sallivana inanır və düşünür ki, Sallivan onun tapşırıqlarını yerinə yetirəcək”

ABŞ prezidenti Donald Тrampın Birləşmiş Ştatların Rusiyadakı səfiri postuna dövlət katibinin müavini Con Sallivanın namizədliyini irəli sürəcəyi gözlənilir. “Amerikanın Səsi”nin xəbərinə görə, Tramp çərşənbə axşamı Ağ Evdə Rumıniya prezidenti Klaus İohannis ilə birgə keçirdiyi mətbuat konfransında bunu təsdiqləyib.

Beləliklə, Sallivan ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən istefaya gedən Con Hantsmanı bu postda əvəz edəcək.

Bundan öncə Sallivanın namizədliyinin irəli sürülməsinin mümkünlüyü barədə Ağ Evin əməkdaşına istinadən CNN telekanalı xəbər verib.
Telekanal bu yaxınlarda Hantsmanın istefa ərizəsini prezident Trampa təqdim etdiyi haqda məlumat verib. Bildirildiyinə görə, səfir Hantsman doğma ştatı olan Yutaya qayıtmağı planlaşdırır.

Co Sallivan 2017-ci ilin aprelində Dövlət Departamentinin o zamankı rəhbəri olan Reks Tillersonun müavini olub. Səfir Hantsmanın vəzifəsindən oktyabr ayının 3-də gedəcəyi bildirilir. Verilən bəzi məlumatlara əsasən, Hantsman Yuta ştatında qubernator seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. Tramp Rusiyada bu mühüm postu tutmaq üçün namizədi Vaşinqton və Moskva ilə münasibətlərdə gərginliklərin artdığı bir vaxt nominasiya etməyə hazırlaşır.

Bu iki ölkə arasında yaranan gərginliyin səngiməsinə və ya münasibətlərin düzəlməsinə səbəb ola biərmi? Niyə Trampın seçimi bu istiqamətdə oldu? Yoxsa səfirin kimliyi artıq formal xarakter daşıyır?

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Trampa Rusiyada inanılmış və güvənilir və onun tapşırıqlarını birbaşa yerinə yetirən səfir lazımdır. Müsahibimizin fikrincə, səfir Trampın inanmadığı adam olarsa, o, Trampın tapşırıqlarını onun rəqiblərinə çatdıra, planlarını faş edə bilər. Bu da Trampın maraqlarına cavab vermir. Həm də onu nəzərə almaq lazımdır ki, Tramp artıq Rusiya ilə münasibətləri nizamlamaq istəyir. Onun üzərindən Rusiya ilə münasibətlərlə bağlı məhkəmə məsələsi, Domokl qılıncı götürüləndən sonra Tramp artıq özünü təmizə çıxmış kimi hiss edir. İstəyir ki, Rusiya ilə münasibətləri nisbətən normallaşdırsın. Təsadüfi deyil ki, Rusiyanın yeddilərə qayıtmasını istəyir. Bu ehtimalla Tramp Sallivana inanır və düşünür ki, Sallivan onun tapşırıqlarını Moskvada yerinə yetirəcək”.