31.08.2026 - 09:18
Dünya 37 baxış

ABŞ və İran arasında Hörmüzdə gərginlik artır

Hörmüz boğazında gərginlik yeni bir mərhələyə qədəm qoyub. ABŞ Silahlı Qüvvələri, SEPAH-ın dəniz minaları yerləşdirməyə hazırlaşdığını bildirərək, İranın Larak adasındakı raket qurğularına zərbələr endirib. Minval.info xəbər verir ki, bu hadisədən sonra İran qüvvələri ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını hədəfə alaraq vurduğunu açıqlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM), SEPAH-ın ABŞ zərbələrini “təcavüz aktı” kimi qiymətləndirməsini rədd edib. Komandanlığın açıqlamasına görə, ABŞ hərbçiləri Hörmüz boğazında birbaşa təhlükə yaratdığı iddia edilən SEPAH bölmələrinə “məhdud və nöqtəvi zərbə” endirib. Vaşinqtonun versiyasına əsasən, SEPAH Hörmüz boğazında dəniz minaları yerləşdirmək üçün istifadə edilə biləcək raket sistemlərini döyüşə hazırlayırdı. Bu səbəbdən ABŞ qüvvələri Larak adasında yerləşən iki raket qurğusunu hədəfə alıb.

CENTCOM hesab edir ki, zərbənin əsas məqsədi mülki dənizçiləri, ticarət gəmilərini və qlobal dəniz ticarətinin sərbəst hərəkətini qorumaq olub. Lakin ABŞ-ın zərbələri cavabsız qalmayıb. İranın bildirdiyinə görə, ABŞ qüvvələrinin Larak adasına hücumundan sonra İran tərəfindən İordaniyadakı ABŞ hərbi obyektlərinə raket zərbələri endirilib. ABŞ tərəfi raketlərin böyük hissəsinin ələ keçirildiyini açıqlayıb. Bununla yanaşı, qarşıdurmanın daha bir epizodu Hörmüz boğazının üzərində baş verib. SEPAH ABŞ-yə məxsus MQ-9 “Reaper” pilotsuz uçuş aparatının hədəfə alındığını və vurularaq Fars körfəzinə düşdüyünü bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: