Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edilib. İnsanlar küçəyə yalnız xüsusi formada icazə alıb, 2 saatlıq müddətə çıxa bilirlər. Əyləncə mərkəzləri, istirahət yerləri, kafe-restoranlar bağlandığı üçün vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər kəs bu yerlərə getməkdən müvəqqəti də olsa məhrum qalıb. 

Lakin alimlərin açıqlamalarına görə yay aylarında virusa yoluxma zəifləyəcək və həyat öz axarına geri dönəcək.

Bəs koronavirusdan sonra Azərbaycanda nələr dəyişəcək?

Musavat.com-a mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, əslində indiki dönəmdə bir çox ölkələr kimi Azərbaycan da koronavirusdan sonrakı həyat üçün fəaliyyət proqramları hazırlamalıdır.

Sosioloq hesab edir ki, koronavirusdan sonra cəmiyyətdə ciddi dəyişikliklər olacaq: “Biz gərək koronavirusdan sonrakı dövr üçün fəaliyyət proqramları hazırlayaq. Çünki belə proqramlar olmadan bizim sonrakı işlərimiz çətin ola bilər. Məlum olduğu kimi hazırda dünyada qlobal səviyyədə hadisə baş verir və bu, hələ də davam etməkdədir. Biz bilirik ki, son dövrlər yer üzü qlobalaşmanın təsiri altında vahid sistem alına gəlmişdi. burada daha çox rol oynayan məsələ iqtisadi əlaqələrin qurulması idi. Bundan əlavə də turizmin inkişafı, virtual aləmdə yaxınlıq dünyanı vahid hala gətirmişdi. İndi isə bütün ölkələrdə istehsalat dayanıb, iqtisadi faktor zəifləyib. Təkcə bunun özü belə dünyanın yenidən qurulması fonunda insanlara ciddi təsir edəcək. Bəzi ölkələrin iqtisadiyyatında çox böyük problemlər yaranacaq, bir sıra müəssisələr çökəcək. Məlumdur ki, bəzi dövlətlər isə bundan qazanacaqlar. Ümumilikdə deyə bilərik ki, koronavirusdan sonra yer üzündəki nizam dəyişəcək. Bu, qaçılmaz haldır. İqtisadi münasibətlərin dəyişməsi isə hər zaman sosial, mənəvi amillərə güclü təsir göstərir”.

Sosioloq bildirib ki, insanlar bu hadisədən sonra sanki yuxudan ayıldılar: “Onlar başa düşdülər ki, Yer üzünə elə bir hadisə gələ bilər ki, buna nə müasir elm, nə də müasir texnika, siyasət təsir edə bilməz. Bütün bunlar insanlarda müəyyən humanist hisləri gücləndirə bilər. Lakin iqtisadiyyatın bu qədər geriləməsi, orada nizam-intizamın  pozulması cəmiyyətə daha çox təsir edəcək və sosial problemlər qabaracaq. Bu isə mənəvi münasibətlərə təsir edəcək. Ona görə də ilk növbədə bütün bunlar koronavirusdan sonra dünyada hansı siyasətlərin qurulmasından da asılıdır. Qloballaşma təbii tarixi prosesdir və koronavirusdan öncə davam edirdi. Yer üzündə proseslər öz təbii axarı ilə gedərsə bu, bir istiqamət olar. Qloballaşmaya hər zaman subyektiv müdaxilələr edirlər. Bunu edənlər də güc mərkəzləridir. Onlar istəyirlər ki, bu cür müdaxilələrin hesabına yaranan yeni nizam onların xeyrinə olsun. Artıq güc mərkəzləri koronavirusdan sonrakı dövrü planlaşdırırlar. Gərək biz də çalışaq və elə bir gücdə olaq ki, plan quranların tilovunda olmayaq. Biz də bunun üçün sonrakı zamanımızı planlamalıyıq. Subyektiv müdaxilə cəmiyyətin, təbiətin qanunauyğunluğu çərçivəsində olan zaman fayda verir. Buna zidd olduqda isə vəziyyət gərginləşir. Bunu sadə dillə belə başa salmaq olar ki, insanın orqanizminə doğru və yalnız müalicələr təyin edilə bilər. Əgər doğru müalicə təyin edilirsə, orqanizm sağalır. Görünən budur ki, yaranan vəziyyət fonunda  güc mərkəzləri daha çox güclərini iqtisadi amillərə verəcəklər. Bu da cəmiyyətin təbii qanunauyğunluqlarına ziddir. Yəni cəmiyyəti təkcə iqtisadi amillərlə idarə edən zaman bu, çoxlu fəsad törədir. Min illərdir ki, bizə bütün müdrik insanlar deyirlər ki, cəmiyyətdə mənəvi amillər öndə olduğu zaman cəmiyyət özü-özünü təmizləyir. Cəmiyyətdə maddi dəyərlər öndə olduqda isə gərginlik artır. İndi də güc mərkəzləri əsas öz güclərini maddi amillərin aparıcı roluna verib, iqtisadi fayda götürməyə çalışacaqlar. Buna görə də gərginlik çox olacaq. Buna biz hazır olmalıyıq. Yaxşı olar ki, məsul dövlət qurumları bu dəqiqə başlayıb, koronavirusdan sonrakı dövrü planlaşdırsınlar və mən də mütəxəssis kimi yardım etməyə hazıram”.