Zığda tektonik xətt üzrə yerləşən küçələrdəki evlərin əksəriyyətində deformasiya baş verib.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ərazidə bir metrdən çox çökmə, divarların aralanması və vəziyyətini nisbi də olsa, dəyişən evlər var:

“Baxmayaraq ki, orada layların yatımı qərb istiqamətindədir, amma şərq tərəfdə yamac maili olduğu üçün sürüşmə, uçqunlar həmin istiqamətdə daha çox baş verir. Dünən Zığ şosesində çökmə tipli sürüşmə qeydə alındı.

Yolun bir hissəsində metal konstruksiya ilə inşa edilmiş istinad divarı uçub. Həmin divara bərkidilən istinad divarlarının əksəriyyəti çatlayıb. Yenidən istinad divarı inşa olunur”.

Əziz Qaralov qeyd edib ki, ərazidə piyada səkilərinə deformasiya olub:

“Gərginlik qalmaqdadır”.