Əhəd Məmmədli: “Prezidentlik tək çıxışlarla bitmir”

Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 20-də rəsmən səlahiyyətlərinin icrasına başladı. Onun andiçmə mərasimində verdiyi qərar və çıxışında səsləndirdiyi fikirlər geniş müzakirələr yaratmaqla yanaşı, kifayət qədər maraq doğurub.

Yeni prezident ilk olaraq, parlamentin buraxıldığını açıqlayıb. Sonra isə məmurlara çağırış edərək, iş kabinetlərində şəxsinin deyil, öz övladlarının fotolarını asmağı və qərar verərkən onların gözlərinin içinə baxmağı tələb edib.

Zelenskinin çıxışında ən çox diqqətləri bu fikirlər çəkib: “Avropa bizim beynimizdə olanda Ukraynada da olacaq. Biz futbolda İslandiya, texnologiyada yapon, doğma vətəni qorumaqda israillilər, xoşbəxt yaşamaq məsələsində isveçrəlilər kimi olmalıyıq. Bizim birinci tapşırığımız Donbasda ocağın söndürülməsidir. Krım və Donbas Ukrayna torpaqlarıdır. Biz orda təkcə torpaqları yox, insanları da itirmişik. Bu illər ərzində hakimiyyət heç nə etməyib ki, onlar özlərini ukraynalı kimi hiss etsinlər. Onlar yad deyillər, onlar ukraynalılardır”.

Ukrayna prezidenti əminliklə Donbasda sülhə nail olarsa, postundan getməyə tərəddüd etməyəcəyini bəyan edib. O, zəif qərarlar verməyəcəyini, lazım gələrsə, bunun üçün populyarlığını belə itirməyə hazır olacağını qeyd edib.

Ekspertlərin Zelenskinin 20 dəqiqəlik çıxışı ilə bağlı mövqeləri fərqlidir. Bu çıxışın populist olduğunu qeyd edənlər olsa da, onun ciddi dəyişikliklər əldə edə biləcəyinə inananlar az deyil.

Politoloq Əhəd Məmmədli Zelenskinin çıxışını uğurlu sayır: “İnformatiklik, kreativlik, kütləyə oynamaq, müasir gəncliyə çıxmaq üçün uğurlu çıxışdır. Zelenskinin imicmeykerləri yaxşı işləməkdə davam edirlər. Keçmiş şoumen prezidentlik startına yaxşı başladı. Lakin prezidentlik tək çıxışlarla bitmir, əsas hər şey irəlidədir. Mən Zelenskinin andiçmə mərasimində çıxışından daha çox verdiyi qərarına qiymət verdim. Ali Radanın buraxılması yerində və düzgün gediş idi. Yeni prezident, yeni parlamentlə başlamaq istəyir. Bu da onun hüququdur. Prezidentin parlamenti buraxmaq səlahiyyətlərindədir. O da bu səlahiyyətlərindən istifadə etdi. Görünən tərəf odur ki, yeni prezident Zelenski, keçmiş prezident Poroşenkonu parlamentdən də etmək istəyir. Onsuzda keçirilən sorğular Poroşenko blokunun parlament şanslarını o qədər də yüksək dəyərləndirmir. Fikrimcə, Zelenski bu fürsətdən istifadə edib, köhnə iqtidarı qanunverici orqandandan da etmək istəyir. Yeni prezidentin köhnə parlamenti özünə təhlükə hesab etməyi təbiidir. Yeni parlament seçkilərinə Zelenski öz siyasi bloku, partiyası ilə gedib orada da qalib gəlmək istəyir. Ağıllı və gözlənilən gedişdir. Parlamentin dəstəyini almaq yeni prezident üçün önəmlidir. Bu dəstəyi də indiki parlamentlə almaq mümkünsüz olduğu üçün Zelenski yeni parlament seçkilərinə getməyə qərar verdi”.

Politoloq məmurlara yönəlik çağırışa da toxundu: “ Məmurların kabinetlərdən prezidentin şəkillərini götürüb əvəzində ailə üzvlərinin şəkillərini qoymaq çağırışına uğurlu nyusmeyker gedişi adlandırardım. Görünür adam nəsə etmək, vətənini fərqli görmək istəyir. Müsbət nəticə qazanmaq üçün Zelenski komprador burjuaziya, korrupsiyalaşmış partokratiya, ənənəvi bürokratiya, “beşinci kalon”, rus işğalı və digər əngəlləri aşmalıdır. Bunları bacarsa nəinki Ukrayna, Avropa tarixində adını qızıl hərflərlə yazacaq. Bununla o demək istəyir ki, bütün ukraynalıların prezidentidir, qərbli-şərqli, katolikli-ortadokslu hər kəsin dövlət başçısıdır. O saat görünür ki, Zelenskinin ilk prezident çıxışı yaxşı hazırlanmışdı. Amma yenə deyirəm, çıxış başqa, fəaliyyət isə tamam başqa bir şeydir. İşğal edilmiş ərazilər və onların azad edilməsinə gəldikdə isə, Rusiya ən azı indiki ərazilər, gücdə olduqca heç bir torpaqlar geri alına bilinməyəcək. Əgər Krımı Ukrayna Rusiyanın ərazisi kimi tanısa, bəlkə Donbası qaytara bildi. Əks halda vəziyyət olduğu kimi qalacaq. Rusiya dağılmasa və ya bir dövlət kimi yıpranmasa Ukrayna itirilmiş torpaqlarını qaytara bilməyəcək. Acınacaqlı olsa da həqiqət budur. İndiki şərtlərlə Ukrayna ancaq güc yolu ilə işğal edilmiş hissəsini azad edə bilər. Buna da Ukraynanın gücü çatarmı, Rusiya ilə açıq konfrantasiyaya gedərmi, fikrimcə, buna nə gücü çatmaz, nə də açıq konfrantasiyaya getməz. Bir nüansı da diqqətinizə çatdırım. Görürsünüz, Zelenski də çıxışında Krımı deyil, Donbası təcili qaytarmaqdan danışır. Çünki bilir ki, Krımın qayıtması getdi, lakin Donbası qaytara bilərlər. Donbasın qaytarılması da Krımdan keçir. Rusiya Krımın tanınması təqdirində Donbasın işğal etmiş ərazisindən çıxa bilər.

Zelinski buna gedərmi, bax bu başqa məsələdir. Bəlkə də Avropa Birliyi, ələxsusdə bu qurumun əsas 3 ölkəsi Almaniya, Fransa, İtaliyanın təzyiqi altında Ukrayna Krımı Donbasa dəyişməyə razı oldu. Ola bilsin ki, Rusiya da buna hesablayıb. Donbasda irimiqyaslı geniş hərbi əməliyyat Rusiya ilə Ukraynanı üz-üzə qoya bilər. Bu riski Zelenski gözünə alarmı, ən azı indiki şəraitdə, şərtlərlə inanmıram. Saakaşvili bir dəfə Rusiya ilə üz-üzə gəlmək riskini gözünə aldı, az qala postundan, dövlətindən olacaqdır. Donbas problemi həll edilməyənə qədər Poroşenkonun üzərində olduğu kimi, Zelenskinin də üzərinə domokl qılıncı kimi asılacaq. Təsadüfi deyil ki, inaqurasiya çıxışında Donbasın üstündə Zelenski xüsusən dayanıb. O da gözəl başa düşür ki, ilk prezident müddətində Donbas düyününü dövlətinin xeyrinə çözməsə, Poroşenkonun aqibətini yaşayacaq”.