London məhkəməsinə varidatın mənbəyini aça biləcəkmi?

Bir vaxtlar adları Azərbaycanın zəngin ailələri sırasında ilk yerlərdə çəkilən Cahangir və Zamirə Hacıyevlərin günü  məhkəmələrdə keçir. Zamirə Hacıyeva Londonda, Cahangir Hacıyev isə Bakıda hakimlərin suallarını cavablandırmaq məcburiyyəti ilə üz-üzə qalıb.

Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir. Cahangir Hacıyev bundan əvvəl də hakim qarşısına çıxarılıb və barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Hazırda o, yeni ittihamlar üzrə sorğu-sual olunur. Ölkədən milyardlarla pulun çıxarılmasında ittiham edilir.

Onun həyat yoldaşı Zamirə Hacıyeva da 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Westminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.

Zamirə Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Zamirə Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişlə bağlıdır. Məlumata görə, ona qarşı 2 mənimsəmə ittihamı irəli sürülüb.

Картинки по запросу zamirə hacıyeva

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq  xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt  ödəyib. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – “Mill Ride Golf Club”ualmaq üçün 10 milyon funt  xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və “Christie” auksionunda satışa çıxarılması nəzərdə tutulub. Zamirə Hacıyeva hazırda Londonda yaşayır, o, məhkəmənin tələbini yerinə yetirib xərclədiyi pulların mənbəyini açıqlaya bilməsə, həbs edilə və Azərbaycana tərəfinə təhvil verilə bilər.

Картинки по запросу zamirə hacıyeva

Yada salaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət qrup 2017-ci ildə Londona ezam edilərək orada Zamirə Hacıyevanın həbsi üçün yerli hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Həmin vaxt sübut çatışmazlığına görə Z.Hacıyeva Azərbaycan tərəfinə təhvil verilməmişdi. Bundan sonra, 2018-ci ildə Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanun – UWO qəbul edilib. UWO-nin Zamirə Hacıyevanın ekstradisiya məsələsinin həllinə imkan yaradacağı da istisna deyil.