Bu gün futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atıldı.

Minval.info xəbər verir ki, iki əzəlli rəqib Almaniyanın “Bavariya” klubu İspaniyanın “Real Madrid”inə rəqib oldu. Bundan başqa, İngiltərənin “Liverpul”u İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq.

“Bavariya” ilə “Kral” klubu ötən ilin turnirin 1/4 finalında qarşı-qarşıya gəlib. Hər iki oyunda Zinəddin Zidanın yetirmələri qalib gəlib. Belə ki, madridlilər həm öz meydanında, həm səfərdə üstünlüyə sahib olublar.

Ümumiyyətlə, 2001-ci ildən bəri komandalar arasında 16 dəfə rəsmi görüş keçirilib. Bu qarşılaşmaların 9-da ispanlar qalib gəlməyi bacarıb. Almanlar isə 6 dəfə rəqibini məğlubiyyətə uğradıb. Cəmi 1 qarşılaşmada isə komandalar heç-heçə qalıblar. Son 5 oyunun göstəricisinə görə, “Kral” klubu daha uğurlu çıxış edib. Almanlar bu görüşlərdən yalnız birində madridliləri məyus edib. Qalan qarşılaşmalarda isə “Real Madrid” meydandan qalib ayrılıb. Xüsusilə, son oyunda almanlar doğma azarkeşlər önündə belə, məğlubiyyətə uğrayıb.

Bundan əlavə, Zinəddin Zidanın yetirmələri İspaniya çempionatından əllərini üzdükləri üçün bütün güclərini qitənin ən nüfuzlu turnirinə ayırıblar. Bavariya isə “Real”dan fərqli olaraq bu mövsümdə Almaniya birincisi olub.

“Roma” ilə “Liverpul” matçına gəlincə, bu komandalar arasında 2016-cı ildə yoldaşlıq oyunu keçirilib. Həmin qarşılaşmada “canavarların” formasını geyinən Məhəmməd Salah italyanların qələbə topunu vurub. İndi isə son günlərin ulduzuna çevrilən misirli futbolçu ingilis klubunda çıxış edir. Təbii ki, bu, oyunun taleyinə birbaşa təsir göstərə bilər. Üstəlik, “Liverpul” komandası son beş qarşılaşmada cəmi bir dəfə rəqibi ilə bərabərə qalıb. Qalan matçlarda “qırmızılar” qalib gəlməyi bacarıb. “Roma” isə keçirdiyi son beş görüşdə cəmi iki 2 dəfə qalib gəlməyi bacarıb. Digər iki qarşılaşmada meydandan məğlub ayrılan “canavarlar” bir matçda isə heç-heçə qalıb.

Yada salaq ki, “Liverpul” 2005-ci ildə Çempionlar Liqasının finalında italyan klubuna əsil kabus yaşadıb. Belə ki, 3 top fərqi ilə “Milan”a yenik düşən “qırmızılar” bu qolların cavabını verə bilib. Oyunun taleyi isə penaltilər seriyasında “Liverpul”un xeyrinə həll olub.

Samir Mirzə

Minval.İnfo