Bugünkü müsahibimiz Üzeyir Mehdizadənin rekordunu əlindən alaraq “Youtube”da ən çox izlənən azərbaycanlı ünvanına sahib olan Əli Türkoğludur.

İllər öncə “Özünü tanıt”, “Azərbaycanın səsi – Bala” kimi telemüsabiqələrdə boy göstərən Əli “Youtube” dünya trendinə girən ilk azərbaycanlı, Türkiyədə musiqi platformalarında ən çox satılan mahnının ifaçısıdır.
– Sizi tanımayanlar üçün özünüzü qısa olaraq xarakterizə edin.
– Mən –  Əli Bayramov. 17 yaşım var. Azərbaycan türküyəm. Uşaqlıqdan musiqiyə həvəsim var. Ancaq, əvvəllər futbolçu olmuşam.
– Futboldan musiqiyə keçid necə oldu?
– Bronxial astma xəstəliyim var deyə, həkimlər icazə vermədi. Ona görə də futbolu davam etdirə bilmədim. Özümə gitara aldım ki, öyrənim. Beş ildir gitarada ifa edirəm. Öz üzərimdə işlədim, səsimi inkişaf etdirdim. Pianoda ifa etməyi də öyrəndim. 11-ci sinfi bitirəndən sonra İncəsənət Universitetində “Estrada sənəti” fakültəsinə qəbul olundum.
– Futbolla neçə il məşğul olmusunuz?
– Futbolla doqquz yaşından etibarən, beş il məşğul olmuşam.
– Astma xəstəliyi hazırda sizdə problem yaradır? 
– Yox, hələlik heç bir problem yoxdur.
– Musiqiyə maraq haradan yarandı?
– Anam pianoçudur, atam isə müğənnidir. İstedad mənə onlardan keçib. Ən böyük dəstəkçilərim də onlardır.
– Sosial mediada videolar paylaşmağa necə qərar verdiniz?
– Universitetdən əvvəl həvəs yaranmışdı ki, videolar çəkib paylaşım. Maraqlı idi ki, görəsən,  insanların mənə olan rəyləri, fikirləri necədir? Çəkdim, bəyənildi. Yavaş-yavaş gördüm ki, izləyici də yığıram.
Hansı mahnı xoşuma gəlirdisə, oxuyub paylaşırdım. Heç özüm fikir vermirdim ki, hansı mahnı ilə “tutuzdurmuşam”. Türk səhifələri məni paylaşmağa başladı, oradan izləyicilər yığmağa, tanınmağa başladım. oxu.az