Rusiyanın Milli Texnoloji Tədqiqatlar Universitetinin alimləri çexiyalı həmkarları ilə birgə dəyişdirilməyə ehtiyacı olmayan antibakterial yara sarğıları icad ediblər.

e-tibb.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə universitetin mətbuat xidməti məlumatyayıb.

Məlumdur ki, yanıq və kəsik kimi dəri zədələnmələrinin müalicəsində antiseptik vasitələrdən və antibiotiklərdən istifadə olunur, eləcə də yaranın üzərindəki sarğılar müntəzəm dəyişdirilir. Lakin bu müalicə yan təsirlərə malik olmaqla yanaşı (məsələn, antibiotiklər yalnız ziyanlı deyil, faydalı bakteriyaları da öldürür), çox vaxt ağrılı olur: sarğı dəyişdirilən zaman dərinin təzə-təzə sağalmağa başlayan üst qatı qopur, ağrı və qanama baş verir. Alimlərin icad etdiyi yeni sarğı materialı isə iltihab ocağına lokal təsir göstərə bilir, üstəlik dəyişdirməyə də gərək qalmır. Çünki sarğı tərkibindəki antibiotiki yaraya buraxır, antibiotik zamanla dəri tərəfindən sorulur. Hətta yeni sarğıya ehtiyac olduqda belə, onu köhnə sarğının üstündən bağlamaq mümkündür.

Məlumatda qeyd olunur ki, yeni icad olunan materialdan yalnız dərinin deyil, sümüyün osteoporoz və osteomielit kimi xəstəliklərinin müalicəsində də istifadə edilə bilər.

Hazırda alimlər sarğı materialının daha da təkmilləşdirilməsi üzərində iş aparırlar. Onlar materialın tərkibinə ciprofloxacin kimi digər antibiotikləri də əlavə etməyi planlaşdırırlar.

Bu, yeni nəsil antibiotikidir və bakteriya növlərinin əksəriyyəti hələ ki, ona qarşı əks təsir göstərməyib.

Bundan başqa, bir neçə qatdan ibarət (antibiotik, yaranın üzərindəki qan laxtalanmasını azaltmaq üçün heparin və yenə antibiotik qatı) nümunələr hesabına materialın effektivliyini artırmaq da nəzərdə tutulur.