Yeni Zelandiyada iki məscidə hücum zamanı ölənlərin sayı 49-a çatıb, ən azı 20 nəfər yaralanıb.

Bununla bağlı BBC məlumat dərc edib.

Avstraliya baş naziri Skott Morrison hadisənin Avstraliya vətəndaşlığı olan bir ekstremist terrorçu tərəfindən törədildiyini deyib.

O, şənbə günü səhər məhkəmə qarşısına çıxarılacaq.

10:19

Yeni Zelandiya baş verən qanlı terror aktından sonra ölkə polisi  təhlükəsizlik məqsədilə bütün məscidləri müvəqqəti olaraq bağlamağa çağırıb.

“İndiki zamanda hücumu həyata keçirənin mümkün motivləri və ya insidentin səbəblərini müzakirə etməyəcəyik. Ölkənin bütün məscidlərinin rəhbərlərinə qapılarını bağlamağı xahiş etmişik, insanları hələlik məscidlərə baş çəkməməyi məsləhət görürük”, – deyə baş polis idarəsinin rəsmi “Twitter” hesabında yayılan məlumatda deyilir.

Cümə günü səhər saatlarında Kraystçörçün azı iki məscidinə silahlı hücum olub.

Ölkənin baş naziri Casinda Ardern terror aktı nəticəsində  40 nəfərin öldüyünü, onlarla yaralının olduğunu təsdiqləyib.

Terror aktı ilə əlaqədar artıq dörd nəfərin saxlanıldığı bildirilir.

08:23

Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum olub.

Bu barədə “New Zeland Herald” məlumat yayıb.

Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin həyatını itirdiyi bildirilir. Bəzi mənbələr 50-yə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insan ibadət edib.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irçi fəalın həyata keçirdiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Hadisə şahidlərinin dediyinə görə, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub, silahlı hücumu sosial şəbəkədə canlı yayımlayıb. Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.

Ölkənin baş naziri Casinda Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və “ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib. oxu.az