Paytaxt Bakıda havanın temperatuuru yüksəldikcə, çoxları tətil üçün təbiətə üz tutur.

Hazırda hər kəsin zövqünə və cibinə uyğun istirahət alternativi var. Əcnəbi ölkələrlə yanaşı, regionlarımızda dincələnlərin sayı da olduqca çoxdur. Səfalı yerləri, sərin havası, hündür dağların yamacında yerləşən istirahət mərkəzləri ilə Qax ölkəmizin ən çox turist cəlb edən rayonlarından biridir. Hər il Qaxı 5 min-7 min arası turist ziyarət edir.

Minval.info-nun bələdçisi bu dəfə böyük şəlalələri ilə tanınan Qaxda necə və neçəyə dincəlmək olar, onu araşdırıb:

Qaxa necə gedək?

Bakıdan Qaxa 380 km məsafə var. Bu yolu avtobusla getmək olar. Bakı Beynəlxalq Avtovağzalının online sistemindən 6.50 AZN-a, birbaşa avtobusun özünə minərkən sürücüdən 10 manata əldə etmək olar. Yay mövsümündə həmin istiqamətə gedənlərin sayının çox olduğunu nəzərə alsaq, bileti öncədən almaq tövsiyə edilir. Əgər avtobuslarda yer tuta bilməsəniz, ümid taksilərə qalır. Ancaq taksilərə heç də belə ucuz minə bilməyəcəksiniz. Taksidə adambaşı 30 manat istəyirlər, bir az şirin dilinizə salıb bazarlıq etsəniz ən yaxşı halda 25 manata qədər endirim edə bilərsiniz. Qatar üçün qiymət isə vaqonun tipindən asılı olaraq 6-16 manat arası dəyişir.

qax ile ilgili görsel sonucu

Geri dönüş isə daha fərqlidir. Əvvəlcə, onu qeyd edək ki, Qax kimi gəlimli-gedimli bir regionda günorta avtovağzala gəlsəniz, bir dənə də avtobus tapmazsınız. Bakı avtobusları ancaq 12:00 çıxır, bir də 21:30-da. Ona görə də, geciksəniz və ya öncədən bilet almadığınız üçün yer tapa bilməsəniz, yenə taksiləri ümidinə qalacaqsınız. Bunu fürsət bilərək taski sürücüləri qiymət oxumağa başlayırlar. Hətta sizdən adambaşı 50 manat pul istəyə bilərlər. Qaxdan geri qayıtmaq mümkün olmasa, 15-20 manat ödəyib Şəki avtovağzalına gəlib, buradan adambaşı 12-15 manata taksiyə, və ya 7 manata kiçik avtobuslara minə bilərsiniz.

Qaxda harda qalaq?

Qaxda kifayət qədər çox istirahət mərkəzi var. Şəhərin içində yerləşən istirahət mərkəzlərində taxta domikləri bir gecə üçün 25 manata götürmək olar. Dağın ətəyində yerləşən istrahət mərkəzlərində isə qiymətlər azı 2 dəfə çoxdur. “Qax Elresort”, “Qax Resort”, “Uludağ istirahət mərkəzi” kimi yerlərdə bir gecəsi 60-150 manat arası qalmaq olar. Həmçinin, Qaxda İlisu yolunun üzərində günlük kirayə evlər də çoxdur. Onları şəraitindən, otaqlarının sayından və təklif edilən xidmətlərdən asılı olaraq gecəsi 60-120 manata kirayələmək olar. Həvəsində olanlar üçün İlisu yolunun kənarında çayın sahilində çadır da qurmaq olar, ancaq qarşılaşacağınız çətinlikləri öncədən nəzərə almalısınız. Kiçik bir haşiyəyə çıxıb, qeyd edək ki, iyul ayında Qaxda da hava isti olur, gecələr isə müəyyən qədər sərinləyir. Avqust ayında isə gecələr yorğana belə ehtiyac duyulur.

qax ile ilgili görsel sonucu

Belə yolla turist gələr?

Qaxda səhər gözünüzü başı dumanlı yamyaşıl dağlara açırsınız, gəzməyə isə çox yer var. Qaxın ən məşhur kəndi İlisudur. Burada istirahət mərkəzləri, restoranlar turistə xidmət etməyə öyrəşiblər. Qiymətlər isə elə bir az turistləri “nəzərə alaraq” yüksəkdir. İlisu şəlaləsi kimi tanınan “Ramramay şəlaləsi”ni görmədən Qaxdan qayıtmaq olmaz. Bu şəlalənin suları 25 metr hündürlükdən tökülür. Şəlalyə getmək taksi ilə İlisuya çatdıqdan sonra azı yarım saat piyada yol getmək lazımdır, bu yolu “Niva” markalı dağ maşınları ilə də qalxmaq olar. Qaxdan şəlaləyə qədər yolu qət etmək 25-30 manata başa gəlir. Həmçinin, az qala Qaxın çıxacağında yerləşən avtovağzala gəlib İlisuya gedən avtobuslara da minmək olar, ancaq bunun üçün də xeyli yol gedib, sonra da avtobusda bütün yerlərin dolduqdan sonra çıxmasınl gözləməli olacaqsınız. Mərkəzdən tutmuş regionlara qədər hər yerdə özünü göstərən problem burada da var, ziyarətçilər şəlalənin ətrafını da məişət tullantıları ilə “zənginləşdirməkdən” çəkinməyiblər. Bu şəlaləyə gedən yol gözünüzə durarsa, çay boyunca kiçik şəlalələr də var. Qaxın digər bir məşhur şəlaləsi Ləkit kəndində yerləşən Mamırlı şəlaləsidir. 15 metr hündürlüyündə olan Mamırlı Qax Təbiət Abidəsi kimi dövlət tərəfindən mühafizə edilir. Qayalardan yüzillər boyu süzülərək axan su onların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Ancaq Ləkitə gedən yol heç də yaxşı infasturura mail deyil, hətta deyirlər ki, “belə yolla heç turist gələr?” Hələ şəlaləyə çıxan yerdə turistlər çürük taxta körpü ilə çayı keçirlər. Buraya da getməyin tək üsulu yoldan taksi saxlatmaqdır. Bu məqamda qeyd edək ki, Qaxda taksi tapmaq heç də asan deyil, bəzən yol kənarında dayanıb 20 dəqiqə bir taksi maşınının keçməsini gözləyirsən.

qax ile ilgili görsel sonucu

Şəlalələr qədər Qaxda göllər də cəlbedicidir. Süskənd kəndində yerləşən “Göllər” adı ilə məşhur yerdə 3 yanaşı göl var. Burada çoxları öz qırmaqlarını atıb balıq tuturlar. İstəsəniz tutduğunuz balıqları orada da bişirtdirə bilərsiniz. Yaxud elə 7 manata farel balığı sifariş edib, gözünüzün önündə tutulan balıqlardan nuş edə bilərsiniz. Ancaq bir restoran kimi xidmət səviyyəsi sizə çox da xoş təsir bağışlamaya bilər, ancaq balıqların dadına söz ola bilməz. Yeməkdən bəhs etmişkən, onu da bildirək ki, Qaxda ən çox balıq, qutab və regionun ən məşhur yeməkləri qirs, sürhüllü məsləhət görülür, ancaq sürhüllü əsl qış yeməyidir. Qaxda yeyilən kababın dadı isə heç də damağınızda qalmayacaq.  Qax Alban mədəniyyətinin ən yaxşı daşıyıcılarından biridir. I-III əsrə aid “Kürmük” alban məbədi yüksək qaya üzərində, Qaxdan Şəkiyə qayıdan yolda yerləşir. Şəhər mərkəzinə yaxın Müqəddəs Georgi kilsəsi isə 1888-ci ildə tikilmiş gürcü-provaslav kilsəsidir.

qax ile ilgili görsel sonucu

Qaxın əhalisi

Qax əhalisinin böyük bir hissəsini Azərbaycan türkləri, geri qalan hissəsini isə, əsasən, gürcülər, ləzgilər, saxurlar və ruslar təşkil edir. Sakinlər olduqca xeyirxah, səmimi təsir bağışlayırlar. Az öncə qeyd etdiyimiz taksi problemini yaşasanız da, yerli sakinlərdən biri mütləq sizin üçün maşın saxlayacaq. Hətta Ləkit kəndinin sakinləri evlərinin qapılarını onlarla turist üçün təmənnasız açırlar.

Hələ sadalamadığımız xırda çatızmazlıqlar belə Qaxın gözəlliyinə kölgə sala bilmir. Odur ki, bu səfalı diyarı ziyarət edib, təbiətdən zövq almaqdan çəkinməyin.

Xoş istirahətlər…

Dəniz Kərimzadə

Minval.info