Son illər bulvar ərazisində yerləşən kafelərdə süni qiymət artımı müşahidə olunur. Sadə vətəndaşları soymaqdan çəkinməyən işbazlar, xüsusilə əcnəbiləri yağlı tikə kimi görürlər.

Burada müştəriləri bir neçə maraqlı sürpriz gözləyir.

Belə iaşə obyektləri sadə çay istədiyi halda müştəriyə ancaq yeddi-səkkiz manatdan başlayan qiymətlərlə müxtəlif çay dəstgahları təklif edirlər.

Məsələ ilə daha yaxından tanış olmaq üçün minval.info-nun əməkdaşı Dənizkənara Milli Parka yollanıb. Əvvəlcə üzü Dəniz vağzalı istiqamətində “Park” və “Giləvar” kafelərinə daxil oldum. Fotoaparatı çiynimdə görüb sadə çayı üç manata təqdim edən ofisiantlar məni bir az düşündürdü. Daha sonra fotoaparatı qamarlayıb bel çantamda gizlədim. Sıra ilə “Armudu” və “Abşeron” kafelərində əyləşib ofisiantı çağırdım. Sözü ağzımda kəsib daşı atdılar bostanıma: “Sadə çay yerinə mürəbbə ilə gözəl çay dəstgahımız var, yeddi manatdan başlayır”.

Çantanı belimə, qarmağı növbəti kafeyə atıb yola düşdüm. Üfüqdə Günəş, uzaqda “Səhər” kafesi gözümə dəyib məni sevindirdi. Amma on beş manat qulağımda cingildəyib məni bir az da qəhərə boğdu.

Sol ayağım irəli düşüb məni növbəti üvana apardı. Qapıda xarici dildə “Forest” cafe yazısını oxuyub, düzü, bir az çəkindim. Amma ofisiantın səmimi münasibəti məni rahatlatdı, qiymət isə, necə deyərlər, ürəyimə su səpdi: 3 manat 30 qəpik.

Dəbdəbəli görünüşü ilə seçilən “Şam bulvarı” kafesində isə çayın stəkanı müştərilərə bir manata təklif olunur.

Siyahıya daha bir neçə kafenin adını yazmaq olar. “Delfin” kafesində çayı mürəbbə ilə səkkiz manata, dəstgahını isə on doqquz manata sifariş etmək olar.

Hamının tanıdığı, şəhanə görünüşü ilə Bakı Bulvarını bəzəyən “Mirvari” kafesi isə 7-8 manatdan başlayan qiymətlərlə müştərilərinə xidmət göstərir.

Məsələ ilə bağlı mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.

Fərid Özay

Minval.İnfo