Elyar Muradov: “Bu, bütün dünyada belədir…”

Bakıda və Abşeron yarımadasında avqustun 8-dən başlayan yağışlı hava şəraiti günortaya qədər davam edib. Güclü yağışlarla bağlı paytaxtın iki əsas magistral yolunda hərəkət sürəti endirilib.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Agentlik bildirir ki, bunda məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.

Maraqlıdır ki, dünən səhər saatlarında dəmir yolunda da hərəkət sürəti aşağı endirilib. Belə ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı açıqlamada bildirilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.

Qeyd edək ki, avtomobil yollarında sürət həddinin endirilməsi yağışın asfaltı sürüşkən etməsi üzündən qəza ehtimalının yüksəlməsi ilə izah olunur. Bəs yağış dəmir yolunda hansı təhlükə yaradır ki, sürət həddi endirilir?

Məsələ ilə bağlı ADY-nin Sərnişin Daşımaları Departamentinin sədri Elyar Muradovun “Yeni Müsavat”a dediyinə görə, mövcud texniki təlimatlara əsasən kəskin hava şəraiti olduqda həm maşinistin özünün ixtiyarı var sürəti tənzimləməyə, həm də dispetçer tərəfindən belə göstəriş verilir: “Hava şəraiti maşinistin yolu görmə imkanlarını məhdudlaşdırırsa, sürətin tənzimlənməsi mütləqdir. Güclü yağışlar isə adətən görmə məsafəsini azaldır”.

Departament rəhbəri deyir ki, bu, bütün dünyada belədir, hava şəraiti dəmir yolunda görmə imkanlarını məhdudlaşdırdıqda, sürət həddi endirilir.