Bir müddət öncə əsgərlərin ifalarından ibarət video sosial şəbəkələrdə rekord qırdı. Üç əsgər bir yerə yığışıb Xumar Qədimovanın “Mənim gülüm”  mahnısını oxuması insanların qəlbini ovsunladı. Heç bir şərait olmadan, hərbi geyimdə, açıq havada oxunulan mahnının sədaları mediadan da yan keçmədi.

Bir çox xəbər portalları onlardan yazdı, televiziyalar efirə dəvət etdi. Bu dəfəki müsahibim də həmin videonun qəhrəmanlarından biri, gənc müğənni Fərhad Əkbərovdur. Tamaşaçılar onu illər öncə “Azəristar” yarışmasından tanıdı. Hazırda hərbi orkestrin solisti, “N brothers” qrupunun üzvüdür.

Musavat.com-un suallarına cavab verən gənc ifaçı ilə söhbətə əsgər yoldaşları ilə birlikdə çəkdiyi və rekord qıran əsgər videosundan başladıq: “O video ilə populyarlaşacağımızı düşünmürdük. Boş vaxtımız vardı, məşq edirdik. Düşündük ki, telefona çəkək. Hərbi geyimdə olmağımız və həsrətdən, ayrılıqdan oxumağımız insanlara xoş gəldi. Bizim xalqımız qəlbi təmiz xalqdır, ürəyi yumşaqdır. Məzlumu daim bağrına basır. Bizə də ürəkləri yandı. O videonu paylaşanda düşünmədik ki, reaksiyalar çox yaxşı olacaq. Yaxşı ki, çəkmişik. Bu da bir şansımız idi”.

– O videon sonra qazandığınız populyarlıqdan  istifadə etməmə səbəbiniz hərbi xidmətdə olmağınız idi, yoxsa…?

– Düzdür, hərbi xidmətdə olduğumuz üçün davam etdirmədik. İndi də hərbi xorun solistiyəm. Bir onu bilirəm ki, əziyyət yerdə qalmır, kim əziyyət çəkirsə, bəhrəsini görür. Elə üzdə olan müğənniləri götürək. Hamısı illərdir ki, çalışır. Damla mənimlə Sumqayıtda toya gedirdi, indi məni görsə, bəlkə də, tanımaz. Minlərlə sevəni var, bu çox yaxşı haldır. Onun adına sevinirəm. Pərviz Bülbülə ilə oxuyan Türkan Vəlizadə “Nar star” yarışmasında bir yarışırdıq. Orada çox sadə idi, hamının dalınca qaçırdı. Mənimlə “Azəristar”da yarışan iştirakçıların çoxu indi ulduzdur. Mənim səsim onların səsindən zəif deyil. Gərək insanın naxışı ola.

– Düşünürsünüz ki, sizdə naxış yoxdur, ona görə populyarlığınız qısa müddətli olur?

– Əlbəttə, var. Iki dəfə populyar olmaq şansım olub. Birincisi “Azəritar” yarışması idi, 8-ci oldum. Pulum olsaydı, davam etdirib, uğur qazanardım. Həm də tələbə idim, jurnalistika fakültəsində təhsil alırdım. Müğənni olub-olmamaq haqqında tam qərar verməmişdim. Bu işə hobbi kimi baxırdım. Sonra gördüm ki, içimdəki müğənnilik həvəsi keçmir, məni bu sahəyə dartır. Mən də davam etdim.
İkinci şansım isə əsgər libasında video çəkməyim oldu, onda da populyarlaşdım. Amma heç kim əlimizdən tutub, qabağa çəkmədi.

– Video-rolikdə Xumar Qədimovanın mahnısını oxumuşdunuz. O da reaksiya vermədi?

– Verdi, bizim əsgərlikdə çəkdiyimiz video partlayış edəndən sonra Xumar Qədimova zəng etdi, bəyəndiyini dedi. Bizimlə ARB-də verilişə çıxmaq istədiyini vurğuladı. Yazırdı ki, yaxşı hazırlaşın, proqramda məni tərifləyin.  Birlikdə verilişə də qonaq olduq. Düşündük ki, bizə dəstək olacaq. Verilişdən sonra zənglərimizə, mesajlarımıza cavab vermədi. Onunla proqrama çıxmağımıza peşman olduq.

– Proqramda sizi necə təqdim etdilər ki, peşman oldunuz?

– Biz düşündük ki, Xumar Qədimova bizə dəstək olacaq. Amma o özünü bizimlə reklam etdi. “Bunlar mənim mahnımı oxuyublar, gənclər mənim mahnımı sevir” falan dedi.

266dfc44-1e5e-409c-9b6d-cc02d2dc8aa0.jpg (142 KB)

– Adətən, gənc müğənnilər onları efirə çıxarmaq üçün telekanalların pul istəməsindən gileylənir.

-“N brothers” qrupunun  üzvlərindən biriyəm. Onlarla ARB kanalında efirə çıxıram. Bəzi kanallarda isə verilişə çıxmaq üçün ən azı 2000 manat istəyirlər. Deyirlər ki, gənc müğənnisən, pul ver, səni reklam edək. Heç kim demir ki, gözəl səsi var, qabağa çəkək.

– Toylara gedirsiniz?

– Gedirəm. Amma aldığım qonorar qane etmir. Deyir ki, az tanınırsan, az verirəm. Düşünmür ki, 6 saat toy aparırsan, ayaq üstə qalırsan, əziyyət çəkirsən. Toy sahibləri indi səsə baxmır, efirdəsənsə, qalmaqalın çoxdursa, deməli yaxşı müğənnisən, bahalısan. Qiymət danışmağa gedəndə,  düşdüyün maşın, geyimin, əlindəki telefon belə önəm daşıyır. Biri var, taksidən düşəsən, biri də var “Range Rover”dən. Toydan qazandığıma da mahnı yazdırıb, klip çəkdirirəm.

– Bəzən isə toya gedən müğənnilər birmənalı qarşılanmır. Onlara yuxarıdan aşağı baxılır.

– Düzdür, bəziləri toya gedən müğənniyə birtəhər baxır. Amma reallıq budur ki, Azərbaycanda müğənnilər ancaq toydan qazanır. Mən də toy bazarında daha aktiv olmağa çalışacağam ki, sənətimi irəli apara bilim. Bir müddət öncə “Toy günü “ adlı mahnım işıq üzü gördü. Artıq “Youtube” kanalında yerləşdirmişik.

– Hazırda məşhurlaşmağın asan yolu “O səs Türkiyə”də çıxış etməkdir. Niyə ora qatılmırsınız?

– Hərbi orkestrda işləyirəm, orada işləməsəydim, qatılardım. Ölkədən çıxışımız asan deyil. Çox adam o müsabiqədə məşhurlaşdı. Mənim tam yerimdir. Mən “Azərstar”da olanda  hələ “O səs Türkiyə” yox idi. Tək tanınmaq deyil, gərək davamı da gəlsin.

Könül İbrahim,
Musavat.com