Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib.

2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, Elmi tədqiqat institutları, Tibbi mərkəzlər və birliklər, Stasionar müəssisələr, Ambulator-poliklinika müəssisələri, Təcili tibbi yardım müəssisələri və digər qurumlar TƏBİB-in tabeliyinə veriləcək.

Bəziləri tibb müəssisələrinin nazirliyin tabeliyindən çıxarılmasını doğru saymır…

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, səhiyyə müəssiələrinin TƏBİB-ə verilməsi Przident İlham Əliyevin ötən ilin sonunda verdiyi fərmanın icrasına uyğun olaraq həyata keçirilib:

“Həmin fərmanda göstərilirdi ki, bi il ərzində həmin tibb müəssisələri icbari tibbi sığortaya keçidə hazırlanacaq. Bunun üçün onların informasiya-kommunikasiya sistemləri qurulacaq, vahid elektron şəbəkə formalaşacaq, kadr hazırlığı keçiriləcək və maddi-texniki baza attestasiya olunaraq, gücləndiriləcək. Baş nazir də qərarı Prezidentin sərəncamına uyğun verib. Hazırda bu sahədə işlər gedir. İcbari Tibbi Sığorta Agentliyi görülən işlər barədə vaxtaşırı cəmiyyətə məlumat verəcək”.

M.Quliyev tibb müəssisələrinin, xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq, TƏBİB-ə verilməsi müzakirələrinə də münasibət bildirib:

“İdarəetmə forması, modelləşmə sistemi dəyişir. Prinsipcə tibb müəssisələri Səhiyyə Nazirliyinin tərkibindədə qala bilərdi. Prezident belə uyğun görübsə, demək belə olmalıdır. Bu, işin effektiv qurulmasına və cavabdehliyin konkret olmasına zəmin yaradır. Maliyyələşmə bir təşkilatdan, idarəetmə digər təşkilatdan aparılanda, həm məsuliyyətin bölgüsü problemli olur, həm də iş axsaya bilər. Səhiyyə Nazirliyinin kifayət qədər funksiyaları var. Ölkədə səhiyyə siyasətinin formalaşdırılması, icra olunması, dövlət proqramı çərçivəsində maliyyələşən sahələrin idarə olunması, Tibb Universiteti, digər elmi-tədqiqat institutlarının idarəçiliyi, kadr hazırlığı məsələsi, tibbi protokolların yaranması və dünya səhiyyə təşkilatlarının proqramlarına uyğun hazırlanması, səhiyyə sisteminin ölkədə effektivliyinin artırılması ilə bağlı tədbirlərin görülməsi və s. kimi kifayət qədər səhiyyə nazirliyinin işləri var. İcbari tibbi sığorta ilə bağlı klinikaların idarə olunması Agentliyin nəzdində yaradılan TƏBİB-ə verilməsi işin daha operativ və qısa müddət ərzində qurulması, məsuliyyətin bir təşkilat üzərinə düşməsi, eyni zamanda idarəçiliyin daha mükəmməl olmas üçün vacib idi. Əgər maliyyələşmə İcbari Tibbi Sığorta Agentliyində, idarəetmə Səhiyyə Nazirliyində qalardısa, cavabdehlik məsələsində müəyyən problemlər ortaya çıxacaqdı. Ona görə də ən doğru addım budur. İstənilən halda Səhiyyə Nazirliyi səhiyyə siyasətini həyata keçirən bir orqan kimi yoxlamaların keçirilməsində, monitorinqlərin aparılmasında, müəyyən xəstəliklər zamanı onların qarşısının alınması, dərman təchizatında öz sözünü deyəcək. Kifayət qədər görüləsi iş var. Sadəcə bu iki qurum əlaqəli işləməlidir. Mənim fikrimcə Baş nazir, Baş nazirin müavini, yaxud birinci vitse-prezident səviyyəsində koordinasiya sistemi yaradıla bilərdi. İşin daha operativ səviyyədə təmini üçün effektli ola bilərdi. İş belə qurulub, ümid edirəm ki, normal işləyəcək. Hər halda iki qurumun əlaqəli çalışması olduqca vacibdir”.