Yəqin Pompey şəhərinin necə məhv olmasından çoxlarının xəbəri var. Vezuvi vulkanı partladı, bütün şəhər sakinləri ilə birlikdə lava və külün altında qalaraq məhv oldu. 

Ötən gün də buna bənzər hadisə baş verdi. Uzun müddətdir partlamağa hazır olan Tolik instagramın canlı yayımında püskürdü, özü də necə püskürdü. Hədəfi isə Sevil və Sevinc Səfərovalar idi.

Həmin yayımdan sonra əkizlərin hansı hissləri keçirdiyini deyə bilmərik. İfaçıların canlı yayım ərəfəsində instagramın hekayə bölümündə “Bizə əsəbləşmək olmaz”  yazması, əslində əsəbləşdiklərini, lakin bunu üzə vurmadıqlarının göstəricisi idi.

Tolik və Sevil-Sevincin arasında yaşanan qalmaqalın təməli ötən gün deyil, prodüser və əkizlər işbirliyinə son qoyduqdan sonra başlamışdı.
Məşhurlar həmin ərəfədə üzdə mülayim, arxada isə soyuq savaş aparırdılar. Lakin, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin ifaçılardan alınaraq prodüserə verilməsi gizli münaqişəni üzə çıxardı.

Verilişdən öz istəkləri ilə ayrıldıqlarını deyən əkizlərin yalanını isə ötən gün Tolik açıqladı.

Sən demə, prodüser “Hər şey daxil”ə layihə rəhbəri kimi dəvət olunub. Aparıcı olaraq isə ilə Səfərovalar qalacaqmış.

Lakin, proqramda mövzu və qonaq seçimini Tolikin edəcəyini eşidən bacılar bununla razılaşmayıb.

Bu da səbəbsiz deyil. Tarix Əliyevin dediyinə görə, Sevil və Sevincin verilişi apardığı dövrdə qara siyahıları olub.

Misal üçün, hazırda mahnıları ilə gündəmdən düşməyən Damla da həmin siyahının ən üst sırasında yer alıb.

Tolik canlı yayımda əkizlərin xalq artisti Aygün Kazımovanı “nömrə bir” adlandıraraq əməkdar artist Röya Ayxana söz atmalarına “Moskvada Aygün Kazımovaya salam vermədiniz, Röyanın isə qapısında yatırdınız. Çünki, Yaşıl Teatrdakı konsertində DJ kimi çıxış etmək istəyirdiniz” sözləri ilə münasibət bildirdi.

Əslində prodüserin sözündə müəyyən qədər həqiqət də var. Çünki, məhz aparıcı olduqları dövrdə Röya Ayxanı milyonların sevimlisi adlandıran Səfərovalar, indi həmin xanımın işlərinin uğursuz olduğunu deyirlər.

Tarix Əliyev həmçinin, Sevil-Sevincin Moskva konsertini Röya Ayxanın acığına etdiyini, lakin konsertin ziyanla başa gəldiyini və təşkilatçının hələ də konsert zalının pulunu ödəyə bilmədiyini də dedi.

Gəncədə baş tutacaq konsertlərinin isə bilet satışının olmamasına görə alınmadığını da dilə gətirdi.

Tolik ifaçılara öz yaşıdları ilə rəqabət aparmaqlarını məsləhət gördü.

O, əkizlərə “Belə ürəkli qızlarsız? Aysunun nömrə bir olması iddiasına cavab verin. Ona söz deyə bilərsiz? Rəqsanə sizi cırıq-cırıq edər”,- dedi.

Hələ bunlar da son deyil. Tolik əkizlərin Rəqsanə ilə küsülü olduqlarını, buna görə də Aysunu verilişlərində qara siyahıya saldıqlarını da bildirdi.

Prodüser müğənnilərlə işlədiyi dövrdə onları qoruduğunu, lakin buna görə çoxlarından söz götürdüynü dilə gətirdi.

Hər şeyi gözə alan Tarix itirməyə heç nəyi olmadığını, bundan sonra adının bir dəfə belə olsun çəkiləcəyi təqdirdə cavablarını verəcəyini və heç kimin ona heç nə edə bilməyəcəyini bəyan etdi.

“Mənim ağzımı açdırmayın” ifadəsinin altında isə nələrin gizləndiyi bir prodüserin özünə, bir də şou-biznesin əkizlərinə məlumdur.

Əminliklə demək olar ki, illərdir bu sahədə fəaliyyət göstərən Tolik nəinki Sevil və Sevincin, hətta bir çoxlarının gizlinlərindən xəbərdardır.

news24.az