Bu gündən Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərdən istifadə edilməsinə qadağa qoyulub. Yol polisinin xəbərdarlığına əsasən belə sürücülər 150 manat miqdarında cərimələnirlər.

Bu məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu inzibati xəta tərkibi yaradır.

Lakin jalüzlərdən istifadə edilməsinə icazə verilən müddətdə belə pərdə və plyonka vurulması standart tələblərinin pozulmasıdır.

“Qanunda deyilir ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitələrinin şüşələrinin görünüşünün məhdudlaşdırılması və şəffaflığın korlanması ilə bağlı hər hansı bir vasitədən istifadə edilirsə, bu ancaq standartların tələbinə uyğun olmalıdır.

May ayının 1-dən noyabr ayının 15-nə qədər ancaq jalüzlərdən istifadə edilməsinə icazə verilir. Bunun səbəbi ölkədə hava şəraitinin isti keçməsidir”.

Yol polisi onu da vurğulayıb ki, jalüzlər vurularkən çöldən avtomobilin içərisi, içəridən də çöl görünməlidir. Vaqif Əsədov bu qaydaların pozulmasına görə, tətbiq edilən 150 manat cərimənin çox olmadığını düşünür.

“Ola bilsin ki, gələcəkdə tətbiq edilən cəza mexanizmi dəyişdirilsin. Bu gün isə pərdə və plyonka cəriməsi 150 manatdır. Ancaq baş verə biləcək cinayətlərin qara şüşələr arxasında olma ehtimalını da nəzərə alaq.

Hesab edirəm ki, buna görə də, həmin cərimə bu qədər təşkil edir.

Başqa ölkələrdə baş vermiş ağır cinayətlərdən görürük ki, cinayətkarlar daha çox qara şüşələr arxasında gizlənirlər. Mən belə düşünürəm və bunlar şəxsi fikrimdir.

Həm də, bir polis əməkdaşı kimi dünyada baş verən kriminal hadisələri izləyirəm. Görürəm ki, qara şüşələr arxasında daha çox kriminal hadisələr baş verir.

Lakin yenə də razıyam ki, işıqforun qırmızı işığında hərəkət etməsinə görə tətbiq eidlən cəriməyə nisbətən pərdə və plyonkaya qoyulan cərimə çox görünür.

Bu səbəbdən də, qırmızı işıqda keçməyə görə tutulan 60 manat cərimənin də artmasının əleyhinə deyiləm. Əgər söhbət müqayisədən gedirsə və təklif edilərsə, dayanma-durma tələblərinin pozulması, qırmızı işıqdan keçməyə görə tutulan cərimələr qalxsın, bununla razılaşaram”.

Minval.İnfo