Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsinə dair qanun olsa da, bir çox hallarda vətəndaşlar haqsızlıqla üzləşirlər.

Hüquqların pozulduğu məqamlardan biri məhsulların üzərində Azərbaycan dilində məhsulun tərkibini, istehsal edildiyi yeri və s. göstərən izah edici vərəqənin (stikerin) olmamasıdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçıların malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmə hüququ var və ixrac mallarının üzərinə Azərbaycan dilində vərəqə vurulmalıdır. “Dövlət dili haqqında” Qanunda da qeyd edilib ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

Minval.info xəbər verir ki, ancaq hazırda market piştaxtalarında özünə yer tapan bəzi xaricdən gətirilmiş ərzaq mallarının üzərində Azərbaycan dilində bir kəlmə də yazılmır.

Uzun illərdir bu məsələ müzakirə edilsə də, hələ də bu cür halların yaşanması təəccüb doğurur. Misal üçün, əksər diatek ərzaq mallarının üzərində Azərbaycan dilində məlumat yoxdur. Əcnəbi dil bilməyənlər ancaq məhsulun üzərindəki şəkillərdən, ya da onun piştaxtada pəhriz üçün nəzərdə tutulmuş digər ərzaqların yerləşdiyi piştaxtadan ayırd edə bilər. Yenə də məhsulun tərkibini, onun pəhriz rejiminə yararlılığını müəyyən edə bilməyən alıcının sağlamlığına ciddi ziyan dəyə bilər.

Məsələ ilə bağlı əlaqə saxladığımız Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ixrac məhsullarının üzərində Azərbaycan dilində yarlıqların vurulması kökündən həll olunmayacaq, çünki aidiyyatı qurum buna maraqlı deyil:

“Bu işlərə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət etməlidir. Lakin dəfələrlə onların qarşısında bu məsələni qaldırsaq da, onlar hələ də mürgüləyirlər, heç bir addım atmırlar. Bizim təşkilat da müəyyən qədər addımlar atsa da, biz də bir az passivlik göstərmiş ola bilərik.

Bəzi dövlət orqanları qanunların yerinə yetirilməsinə yaxşı nəzarət etmədikləri üçün bu hallar yaranır. Marketlər bu malları satış üçün qəbul etməməlidir. Cərimə tətbiq etmək mümkündürsə də, bunu yenə də İqtisadiyyat Nazirliyi etməlidir. İstehlakçıların müdafiəsi ilə məşğul olan qurum biznesə qarşı getməlidir, ancaq İqtisadiyyat Nazirliyi biznesə qarşı gedə bilməz. Bu qurum da Nazirliyin tərkibində olduğu üçün addım atmaqda maraqlı deyil. 9 mərtəbəli binada 144 nəfər ştatlı işçi ilə əyləşib tək işləri milləti məhkəmələrə göndərməkdir”

Təşkilat sədri düşünür ki, ilkin mərhələdə ən azından uşaq qidaları və düzgün istifadə edilməzsə mənfi nəticələrərə gətirəcək elektrik cihazları üçün Ana dilində anlaşılan yarlıqlar yazılmalıdır. Əsas tərəflərdən biri olan marketlər də bu məsələdə özlərinin və ya işbirlikçilərinin xeyrini güdərək istehlakçıların hüquqlarını heç sayırlar:

“Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun və Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, Azərbaycan bazarındakı bütün mallar, o cümlədən əmtəə, sənaye, avtomobillərin kitabçaları, texniki kitabçalar xarici dillə yanaşı Azərbaycan dilində də yazılmalıdır. Bu problem ilk baxışdan ucuz vətənpərvərlik kimi görünə bilər, ancaq istehlakçının beynəlxalq və yerli hüquqlarından biri də, mal haqqında informasiya almaqdır.

Zəif Ermənistan və Gürcüstan bu məsələni çoxdan həll ediblər, bu ölkələrin bazarına üzərində onların öz dilində informasiya olmayan mallar buraxılmır. Biz təşkilat olaraq UNİCEF-lə birgə 150 adda uşaq qidası üçün təmənnasız tərcümələr etmişik və onların elektron versiyanı lazımi yerlərə vermişik ki, heç olmasa uşaq qidalarının tərkibini anlamaq mümkün olsun. Xarici şirkətlərlə çalışan marketlərdə, məsələn, “Kondinental” marketlər şəbəkəsində satılan malların təxminən 65 faizi milli dildə deyil.

Biz 15 apreldən 24 adda məhsulun etiketlərini tərcümə edib biznes qurumlarına təqdim edəcəyik. Məqsədimiz maarifləndirmə işləri aparmaqdır ki, öncə ərzaq məhsulları, daha sonra da mürəkkəb texniki malların pasportlarını tərcümə edək ki, bu cür məhsulların yanlış istifadəsi zamanı onları elektrik cərəyanı vura bilər”

Dəniz Kərimzadə

Minval.info