132-134 saylı Təhsil Kompleksində baş verən son hadisələr şagirdlərin psixi vəziyyəti və məktəb psixoloqlarının fəaliyyətinə diqqət çəkməyi  tələb edir.

Ümumiyyətlə, son vaxtlar azyaşlılar tərəfindən ağır cinayətlərin törədilməsi, onların intihar etməsi, eləcə də cinsi zorakılığın subyektinə çevrilməsi kimi hadisələrə tez-tez rast gəlinir.

Heç şübhəsiz,  şagirdlər tərəfindən bu cür hadisələrin baş verməsi həm də orta məktəblərdə psixoloji hazırlığın hansı səviyyədə olmasını araşdırmağı tələb edir.

Minval.İnfo adıçəkilən məktəbin psixoloqu ilə əlaqə yaradaraq, onun şagirdlərin mənəvi durumu ilə necə maraqlandığını öyrənməyə çalışıb.

132-134 saylı Təhsil kompleksinin adını təqdim etməyən psixoloqu “administratorların” açıqlama verməyi qadağan etdiyini bildirdi: “Hazırda mediaya məlumat verməyə icazə verilmir. Məktəbə gəlib, administratorlardan icazə aldıqdan sonra sizə öz fəaliyyətim barədə məlumat verə bilərəm”.

Digər təhsil ocaqlarında da bu kimi halların baş verməsinin qarşısını almaq üçün psixoloqların fəaliyyətinə yenidən nəzər salınmalıdır. Əslində məktəblərdə psixoloqların olmadığını iddia edə bilmərik.

Lakin psixoloji xidmətin keyfiyyətindən danışdıqda, onların çoxunda müasir dövrün tələblərinə uyğun xidmət göstərildiyini demək mümkün deyil. Odur ki, məktəblərdə psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var.

Çünki bəzən şagirdlər psixoloqa müraciət etməkdən çəkinir və düşünür ki, ətrafındakıların ona qarşı münasibəti dəyişə bilər. Yəni uşaq sinif yoldaşları və ətrafındakıların ona fərqli tərzdə yanaşacaqlarından ehtiyatlanaraq və yaxud psixoloqla bölüşdüklərinin yayılacağından mütəxəssisə müraciət etmir. Psixoloq şagirdlərlə düzgün əlaqə yaratmağı, onların inamını qazanmağı bacarmalıdır.

Psixoloq Aytən Cavadlı məktəb psixoloqlarına qarşı inamsızlıq olduğunu təsdiqləyib: “Məktəb psixoloqu şagirdlər arasında müəyyən testlər həyata keçirməlidir. Məsələn, suisidal risk sorğusu adlı testin nəticəsində yeniyetmənin özünə qəsd etməyə meyili üzə çıxacaq. Bu durumundan xəbərdar olan kimi fərdi seanslara başlanılmalıdır. Bəzən məktəb psixoloqu ilə şagird arasında güvən problemi də yarana bilər. Şagird “hər şeyi anama söyləyəcək”- deyə, düşünə bilər. Ona görə, şagird çox narahat hiss edirsə, kənar bir psixoloq yanına göndərilə bilər. Bu gün bu cür meyillərin üzərinə düşməsək, indi qollarını kəsəndə, sabah başqasına ziyan vurması faktı ilə də qarşılaşa bilərik. Valideynlər üçün həyəcan təbili çalınmalıdır, ancaq uşağın üzərinə düşmək, onu daha çox qorxutmaq düzgün olmaz”

Bəzən psixoloqla məktəbdə bir çox başqa fəaliyyət növlərinə də cəlb edilir, bu da onların lazımı tədbirləri vaxtında görməsinə əngəl ola bilər. Məsələn, 13 saylı məktəbin psixoloqu Ülviyyə Babayeva seçki məntəqəsindəki komissiyanın üzvü kimi də fəaliyyət göstərir.

Ancaq Ü.Babayeva bunun uşaqlarla əlaqə yaratmasına əngəl olmadığını qeyd etdi:

“Yeniyetmələrlə işləmək çətindir. Mən artıq 20 ildir burada çalışıram, şagirdlərlə də tez doğmalaşıram. Normalda psixoloqların iş saatı 3-də bitir, amma mən hətta saat 6-a qədər də qalıram. Depressiyaya düşənlər çox olur, düzü, bu yaşla əlaqəlidir. Hətta ailələrinə deyə bilmədiklərini mənimlə bölüşürlər. Onu da qeyd edim ki, məktəblilər barədə yayılan görüntülər elə uşaqların özünə də pis təsir edib. Seçki məntəqəsindəki fəaliyyətimə gəldikdə isə bu qısa bir dövrü əhatə edir, seçki məntəqəsi də məktəbin daxilindədir, yəni mənə rahat yaxınlaşa bilərlər. Məncə, bu, problem yaratmır”.

Dəniz Kərimzadə

Minval.İnfo