Avropanın ən güclüsü “Liverpul”!Türkiyənin İstanbul şəhərində keçirilən futbol üzrə UEFA Superkubokunun qalibi məlum olub.

“Report”un məlumatına görə, “Vodafone Park”da İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” komandaları üz-üzə gəlib.

Həm əsas, həm də əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə “zadəganlar” sonuncu zərbədə büdrəyiblər. Nəticədə “Liverpul” 5:4 hesablı qələbə sayəsində mövsümə titulla başlayıb.

Qeyd edək ki, ötən mövsüm “Liverpul” İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında “Tottenhem”i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. “Çelsi” isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında “Arsenal”ı darmadağın edib – 4:1.

Görüşü ilk dəfə qadın referi idarə edib. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olub. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirib.

Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. Əvvəlki 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox – hərəyə 5 dəfə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb – 15 dəfə.

Bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşüb. “Dumanlı Albion” təmsilçilərindən son olaraq, “Liverpul” 2005-ci ildə bu kuboka yiyələnib. Artıq “qırmızılar”ın ümumilikdə 4, “zadəganlar”da isə 1 belə titulu var.

14 avqust

UEFA Super Kuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 2:1 (ƏLAVƏ VAXT – 1:1, penaltilərlə – 5:4)

Qollar: Sadio Mane, 48;

95 – Olivye Jiru, 36. Jorjinyo, 101

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

“Vodafone Park”, İstanbul (Türkiyə).