Sumqayıt Şəhər Məhkəməsində “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun Сinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Minval.İnfo-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Arzu Qurbanlı 2016-cı il iyunun 16-da, günorta saatlarında şəhərin “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.

Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses martın 14-nə təyin olunub.

Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.