“İzmirdə açılışını həyata keçirdiyimiz STAR neft emalı zavodunun xeyirli olmasını arzulayıram”.

“Report”un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin keçirdiyi qrup toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu neft emalı zavodu Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq: “Bu zavod iri neft müəssisəsi kimi fəaliyyət göstərəcək. Bu investisiyanın həyata keçirilməsinə görə dostum, Azərbaycanın dövlət başçısı İlham Əliyevə bir daha öz adımdan və millətim adından təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib

Zavodda ildə 1,6 mln. ton nafta, təxminən 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq.