Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fransızları 2:0 hesabı ilə məğlub etdi. Nəticə gözlənilməz olduğu qədər də tərəflərdə maraqlı emosiyalar doğurub.

Bizimyol.info xəbər verir ki, fransızlar məyusluğu gizlətmir. Fransa milli komandasının baş məşqçisi Didye Deşam böyük zərbə aldıqlarını deyir: “Bütün komanda lazımi səviyyəni göstərə bilmirsə, yaxşı nəticə də gözləməyə dəyməz”.

Deşam yaxşı oynamadıqlarını bildirir: “Üzərimizə düşəni etmədik. Fərqi yoxdur, dünya çempionusan, ya yox, gərək yüksək səviyyəli oyun göstərəsən”.

Baş məşqçi səhvlər üzərində işləməyin lazım olduğunu söyləyir: “Türkiyə bizə şillə vurdu. Deməyə başqa sözüm yoxdur”.